Azərbaycan
   
   1 mart 1920 - Azərbaycanın ilk rəsmi informasiya qurumu - Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) fəaliyyətə başlayıb. Sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib. 2000-ci ildən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. 
   1 mart 1928 - Rus dilində nəşr olunan “Vışka” qəzetinin ilk sayı işıq üzü görüb. 
   1 mart 1945 - Şair, tərcüməçi Dilsuz (Mustafayev Dilsuz Murtaza oğlu) Tərtər rayonunun Buruc kəndində anadan olub.
   1 mart 1952 - Əməkdar incəsənət xadimi, kinoşünas, kinodramaturq Aydın Ərşad oğlu Dadaşov Ağdamda doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
   
   2 mart 1828 - Tarixçi, şair Əhməd bəy Cəfərqulu bəy oğlu Cavanşir (1828 - 9.1.1903) anadan olub. Qarabağ xanlığının tarixinə dair kitabın müəllifidir. Pənahəli xanın nəslindəndir, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atasıdır. 
   2 mart 1945 - Tərcüməçi, nasir, filologiya elmləri doktoru, professor Zeydulla Abdulla oğlu Ağayev (1945 - 17.2.2014) Masallı rayonunda anadan olub. İngilis dilindən ədəbi tərcümələr edib, Azərbaycan yazıçılarının əsərlərini ingiliscəyə çevirib.
   2 mart 1992 - Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 46-cı sessiyasının 82-ci iclasında təşkilata üzv qəbul olunub. 

   Dünya
    
   1 mart 1445 - İtalyan rəssamı Sandro Bottiçelli (Botticelli; əsl adı - Alessandro di Mariano di Vanni Filipepii, 1445 - 17.5.1510) anadan olub. “Veneranın doğuluşu”, “Yaz” və s. əsərləri İntibah incəsənətinin məşhur nümunələridir.
   1 mart 1888 - Ukrayna yazıçısı, pedaqoq Aleksandr Sergeyeviç Makarenko (1888-1939) anadan olub. Əsərləri: “Pedaqoji poema” (roman), “30-cu ilin marşı” (povestdə müəllifin Bakıya səfəri, neftçilərin həyatı da təsvir edilib).
   1 mart 1892 - Yapon yazıçısı Ryunoske Akutaqava (1892-1927) anadan olub.
   1 mart 1963 - Alman estrada müğənnisi Tomas Anders (əsl adı Bernd Weidung) anadan olub. 80-ci illərdə «Modern Talking» qrupunun solisti kimi şöhrət qazanıb.
   
   2 mart 1824 - Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana, 1824-1884) anadan olub.
   2 mart 1859 - Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç; 1859-1916) anadan olub.
   2 mart 1824 - Rus yazıçısı və pedaqoqu, uşaqlar üçün nağılların müəllifi Konstantin Dmitriyeviç Uşinski (1824-1871) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan