Elmi-praktik konfrans 
   
   Martın 1-də Azərbaycan Bəstəkarlar İttifaqında “Uşaq musiqisi və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirildi.    
   Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə konfransın mövzusunun aktuallığından danışdı. Uşaq musiqisinin problemlərinə toxunan sədr bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırdı. 
   Görülən işlərin uşaqların estetik tərbiyəsinə, musiqi məktəblərində təhsil alan uşaqların gələcəkdə professional musiqiçi kimi yetişmələrinə kömək edəcəyi vurğulandı. 
   Firəngiz Əlizadə uşaq musiqi əsərlərinin yazılmasına, təbliğinə xüsusi diqqət ayırmağın vacibliyini diqqətə çatdıraraq bu janrda daha dolğun və keyfiyyətli əsərlərin ərsəyə gəlməsinə ümidvar olduğunu bildirdi. Qeyd edildi ki, ittifaq artıq 4-cü dəfədir ki, uşaq musiqisi mövzusunda layihə həyata keçirir. 
   Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva “Müasir dövrdə uşaq musiqisinin problemləri”, “Renessans - A” nəşriyyatının baş direktoru Ələddin Əsədzadə “Uşaq ədəbiyyatının problemləri”, sənətşünaslıq namizədi, dosent Nərgiz Hüseynova “Azərbaycan Televiziyası və Radiosunun “Bənövşə” uşaq xoru” mövzularında məruzələrlə çıxış etdilər. 
   Tədbir Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin “Cırtdan” uşaq xoru və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında konsert proqramı ilə davam etdi. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirildi.
   
   Lalə Azəri