“Hər bir ölkə özünü tanıtmaq üçün təbliğat aparır. Bu təbliğat iqtisadi, mədəni, turizm və s. sahələrdə ola bilər. Sevinirəm ki, Azərbaycan da müxtəlif tədbirlər keçirməklə bu missiyanın öhdəsindən çox gözəl gəlir”
   
   Sloveniyanın Azərbaycan ilə dərin köklərə əsaslanan sıx əlaqələri var. İki ölkə arasında əlaqələrdən bəhs etdikdə ilk öncə yadımıza əfsanəvi “Mixaylo” (Mehdi Hüseynzadə) düşür. Çünki Sloveniya xalqı da Azərbaycan xalqı kimi Mehdini öz qəhrəmanı sayır, adını yaşadır, xatirəsini uca tutur. 
   Sloveniyanın Türkiyədəki və eyni zamanda Azərbaycandakı səfiri İqor Jukiçlə müsahibədə də öncə ortaq qəhrəmanımızı yada saldıq. Səfir də mövzuya hazır kimi bu barədə çox məmnunluqla söhbət açdı.
      
   - Mən bu müsahibə öncəsi bir daha xəritədə dəqiqləşdirdim ki, Sloveniyanın paytaxtı Lyublyana ilə Bakı arasında 3700 km məsafə var. Buna baxmayaraq, biz o qədər yaxınıq ki, heç kim aramızdakı bu böyük məsafənin qarşılıqlı münasibətlərimizə sirayət etməsilə bağlı hər hansı fikir söyləyə bilməz. Bizim yaxınlığımızı təsdiq edən faktorlardan biri, sizin də qeyd etdiyiniz kimi, Mehdi Hüseynzadə faktorudur. Mehdi Hüseynzadəni öz milli qəhrəmanlarından heç də az sevməyən Sloveniya xalqı onu “Mixaylo” adı ilə xatırlayır. O, Azərbaycan və Sloveniya xalqlarının ortaq qəhrəmanıdır. Ona görə də biz onun adını, xatirəsini yaşadırıq. İxtisasca tərcüməçi, rəssam olan Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) II Dünya müharibəsi zamanı Sloveniya ərazilərində alman faşistlərinə qarşı mübarizədə, Müqavimət hərəkatında böyük qəhrəmanlıqlar göstərib, adı dünyaya səs salıb. Döyüşlərin birində qəhrəmancasına həlak olub və Sloveniyanın Çepovan kəndində qardaşlıq qəbiristanlığında dəfn edilib. Mehdi Hüseynzadənin (Mixaylonun) döyüşdüyü və qəhrəmancasına həlak olduğu Nova Qoritsa rayonunun Şempas qəsəbəsində onun heykəli ucaldılıb, ona həsr edilən xatirə muzeyi yaradılıb. Onun abidəsi istər Sloveniya, istərsə də Azərbaycan Respublikasının nümayəndə heyətləri tərəfindən daim ziyarət edilir, xatirəsinə həsr edilmiş tədbirlər keçirilir. Qəhrəmanımızın abidə və muzeyini ziyarət edənlər sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var. Bu fikirləri səsləndirməkdə əsas məqsədim qəhrəmanımız Mehdi Hüseynzadənin irsinin Sloveniya xalqı və hökuməti tərəfindən layiqli şəkildə yaşadıldığını bir daha diqqətə çatdırmaqdır.
   - Çox sağ olun, cənab səfir. Bizi bu qədər yaxın edən bu tarixin fonunda ölkələrimiz arasında əlaqələrə nəzər salsaq, hazırkı durumu necə dəyərləndirirsiniz?
   - Sloveniya Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 27 dekabr 1991-ci ildə tanıyıb. Ölkələr arasında diplomatik əlaqələr isə 1996-cı ilin fevral ayında qurulub. 2014-cü ildə Sloveniyanın Azərbaycanda fəxri konsulluğu açılıb. 2012-ci ilin noyabrında isə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyana ofisinin rəsmi açılışı olub. Azərbaycandakı fəxri konsulumuz Elnur Allahverdiyevlə müntəzəm olaraq əlaqə saxlayırıq. Onun əsas fəaliyyət istiqaməti hər iki ölkəyə aid olan biznes subyektlərinin bir-biriləri ilə əlaqəli və səmərəli şəkildə işləmələrini təmin etməyə yönəlib və həyata keçirdiyi fəaliyyətlə iki xalqın yaxınlaşmasında mühüm rol oynayır. Bir ölkədə iqamətgahı olmayan səfir (konsul) kimi fəaliyyət göstərmək o qədər asan deyil. Bütün sahələri daim nəzarətdə saxlamalı olursan. Lakin əsas odur ki, əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm şəkildə qarşılıqlı səfərlərimiz olur və heç şübhəsiz ki, yüksələn xətlə də davam edəcək. İqtisadi, ticari əlaqələrimiz də yüksək səviyyədədir və deyərdim ki, bu sahələrdə nəzərə çarpacaq dərəcədə inkişaf var. İnsanlarımız isə mədəniyyətlərarası dialoq vasitəsilə bir-birlərinə daha da yaxınlaşır ki, bu da bir diplomat kimi bizi sevindirməyə bilməz.
   
   Lyublyana Xalça Muzeyində Azərbaycan xalçalarının sərgisi keçiriləcək
   
   - Mədəniyyətdən söz düşmüşkən, bu sahədə əlaqələrimiz necə inkişaf edir və daha sıx əməkdaşlıq üçün nə etmək lazımdır?
   - Əlbəttə ki, xalqları, insanları yaxınlaşdıran mühüm amillərdən biri də mədəniyyətdir. Çünki bu məfhum heç bir sərhəd tanımır və universal dəyərdir. Biz bununla bağlı çoxlu cəhdlər etməliyik. Azərbaycan və Sloveniya kimi kiçik ölkələrdə mədəniyyətin inkişaf etməsi, mədəni tanıtım vacibdir. 2015-ci ilin martında Bakıdakı Heydər Əliyev Mərkəzində “Azərbaycanda Sloveniya günü” adlı tədbir keçirdik. Tanınmış Sloveniya rəssamları - ata və oğul Peter və Joze Ciuhaların sərgisi oldu. Sloveniya sənətçisi Ljuben Dimkaroski dünyanın ən qədim fleytasında musiqilər səsləndirdi. Həmçinin məşhur "Eroika" qrupunun konserti oldu. Tədbirləri xeyli sayda tamaşaçı izlədi və çox gözəl keçdi. 
   Biz bu minvalla, mədəni əlaqələrimizi qarşılıqlı şəkildə davam etdirməyə cəhd göstərməliyik. Düşünürəm ki, Azərbaycanın Sloveniyadakı səfirliyinə mədəni attaşe göndərmək imkanı var və bu çox gözəl olardı. Bizim Bakıdakı Xalça Muzeyi ilə gözəl əlaqələrimiz var. İki ölkənin muzeyləri arasındakı anlaşmaya görə, Lyublyana Xalça Muzeyində Azərbaycan xalçalarının nümunələrindən ibarət sərgi keçiriləcək. Biz yaxın gələcəkdə bu anlaşmanı həyata keçirmək niyyətindəyik. Bu barədə müzakirələr gedir. Gələcəkdə Sloveniyada Azərbaycan mədəniyyəti günlərinin də keçirilməsi mədəni əməkdaşlığımızın inkişafı baxımından gözəl olardı. 
   - Cənab Jukiç, sloveniyalılar Azərbaycanı necə tanıyır və ümumiyyətlə, bu gün Azərbaycan Sloveniyadan necə görünür?
   - Biz bilirik ki, Azərbaycan Odlar diyarıdır. Təsadüfi deyil ki, Avropa Oyunları atəşi də ilk dəfə olaraq Azərbaycanda yandırıldı. Azərbaycan Respublikası gənc, müstəqil dövlətdir. Ölkəniz coğrafi baxımdan çox əlverişli nöqtədə qərar tutub. Çox zəngin tarixi irsiniz var. İki il öncə Lyublyanada Azərbaycanın böyük şairi Nizaminin heykəli qoyuldu. Mən bilirəm ki, o, XII əsrdə Gəncə şəhərində yaşayıb və bütün Şərqdə çox tanınmış şair olub. 
   Hər bir ölkə, ələlxüsus gənc və kiçik ölkələr öz tanıtımları üçün təbliğat aparır. Bu təbliğat iqtisadi, mədəni, turizm və s. sahələrdə ola bilər. Sevinirəm ki, Azərbaycan da müxtəlif tədbirlər keçirməklə bu missiyanın öhdəsindən çox gözəl gəlir. Deyərdim ki, insanlarımızın çoxu Azərbaycanı tanıyır. Məsələn, mənim 13 yaşlı qızım ölkənizdəki “Eurovision” müsabiqəsini izləyirdi. Hətta deyirdi ki, sən necə səfirsən ki, mənə Bakıda keçirilən Avroviziya musiqi müsabiqəsinə bilet almırsan (gülür). 
   
   Azərbaycanlı turistlər ölkəmizdəki kurortlara daha çox maraq göstərirlər
   
   - Sloveniya həm də bir turizm ölkəsidir və məncə bu sahədə əlaqələrimiz yüksələn xətt üzrə gedir. İki ölkənin turizm kampaniyaları bir araya gəlir, işbirliyi qururlar. Bu sahədəki əməkdaşlığın perspektivlərini necə görürsünüz? 
   - Bu sahədə hər iki ölkə böyük potensiala malikdir. Bəli, doğru deyirsiniz, Sloveniya bir turizm ölkəsidir. Ölkəmizin çox gözəl coğrafi şəraiti var. Sloveniya ərazisi kiçikdir, amma çoxlu rayonlardan ibarətdir. Ölkəyə çoxlu sayda turist gəlir. Bizdə turizmin bir çox sahələri də inkişaf etdirilib ki, bu, Azərbaycan turistlərini özünə cəlb edə bilər. Elə götürək sağlamlıq turizmini. Bundan başqa, aktiv turizm və onun bütün növlərinin inkişaf imkanları mövcuddur: xizək, velosiped, su idmanı, at çapmaq, alpinizm və s. Yaşıllıq turizminə gəlincə, Sloveniya dünyada bu sahə birinci yerdə dayanır. Turizm ölkəmizin əhəmiyyətli gəlir sahəsini təşkil edir. Azərbaycanlı turistlər daha çox ölkəmizin şərqindəki kurort zonada - Roqaşka Slatinada dincəlməyə üstünlük verirlər. Bura mineral sular və maqneziumlarla zəngindir. 
   - Yəqin ki, Sloveniya kimi qədim və gözəl ölkənin UNESCO-nun irs siyahısına daxil olan abidələri də var?
   - Təbii ki! Məsələn, bu sırada Skocjan mağaralarını göstərmək olar. Bu, dünyada ən böyük yeraltı kanyonların və yeraltı çaylarının olduğu bir məkandır. 1986-cı ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Burada Merkuri mirasının adını da çəkmək olar ki, bu da iki civə mədəni - Almaden və İdrijanı əhatə edir. İdrija dünyanın ən böyük iki civə mədənindən biridir. Ümumiyyətlə, yuxarıda sadalananlarla yanaşı, dünya mirasına daxil olan digər abidələrimiz də turistlərin diqqətini çəkməkdədir. 
   - Cənab səfir, diplomatik təyinatınıza qədər Azərbaycanda oldunuzmu? Ölkəmizlə bağlı ümumi təəssüratınızı bilmək maraqlı olardı... 
   - 2001-ci ildə ilk dəfə Sloveniya Xarici İşlər Nazirliyinin əməkdaşları ilə bilikdə Bakıya səfər etmişdim. Ötən il isə etimadnaməmi təqdim etmək üçün növbəti dəfə Bakıya getdim və çox təəccübləndim. Şəhər son 15 ildə çox dəyişmiş, gözəlləşmişdi. Xəzər dənizi, şəhərin memarlıq quruluşu, qədim şəhər, Qız qalası - bunlar hamısı çox gözəldir. Deyirlər ki, Bakı ətrafında da çox gözəl tarixi abidələr var. Gələcəkdə imkan tapan kimi Bakı ətrafına, eləcə də Azərbaycanın digər görməli, tarixi bölgələrinə səfər etməyi düşünürəm. 
   
   Mehparə Sultanova
   Ankara