İşgüzar səfərdən dost təəssüratı 
   
   Yeni qışlağa xoş gəldik...
   
   Bakıdan Kişinyova birbaşa təyyarə reysi yoxdur. Ən rahat və qısa marşrut olaraq Bakı-İstanbul-Kişinyev reysini seçdiyimizdən səfər yoldaşım Könül Rəfiyeva ilə təxminən beş saatlıq gecə uçuşundan sonra səhər tezdən Moldova paytaxtına çatdıq. Yuxunu gözümüzdən qova-qova qonaq qarşılayanların arasında əlində «Culture &Creativity» yazılmış kağız tutmuş cavan oğlanı görəndə rus dilində «Salam. Bakıdan gələnlər bizik» deyib diplomatik təbəssümlə gülümsəyəndə yanındakı taksi sürücüsü bizə «Hoş geldiniz!» cavabını verincə yuxumuz qaçdı. Təbii ki, Moldova torpağında moldavdan türkcə xoşgəldin eşitmək xoş bir sürpriz oldu. Sonra yolda öyrənəcəkdik ki, sürücü bir neçə il Türkiyədə çalışdığından Türkiyə türkcəsini bilir... 
   
   Sanki Kişinyov bizi gözləyirmiş. Şəhər 18 dərəcəyədək şaxtalar yaşatmış qışın sazağından hələ tam ayılmasa da, mədəniyyət jurnalistlərinin şərəfinə hava əladır, gün çıxıb, hərarət də + 14-15 dərəcə! Bir aydan bəri əriməyən qarı yalnız parklarda, ağacların dibində görərsən. Mehmanxanamız şəhərin mərkəzindədir. Parlament binası, Opera və Balet Teatrı, Tarix və İncəsənət muzeyləri, Dram Teatrı elə bizim qaldığımız «Yollu Alon» hotelinin həndəvərindədir. Hotelin qarşısındakı park isə ədiblər parkıdır. Rumın-moldav ədəbiyyatının görkəmli nümayəndələrini tanımaq üçün büstlərə yaxınlaşsam da, postamentdəki hərflər ovulduğundan adlarını oxuya bilmədim. Tanıdığım təkcə Aleksandr Sergeyeviç Puşkin oldu. Böyük rus şairi burada üç il sürgün həyatı yaşayıb, hətta onun ev-muzeyi də var. 
   Şəhərin mərkəzində ətrafa boylanaraq gördüklərimi yaddaşıma yazmaq istəyirəm. Tbilisidə tanış olduğum moldav həmkarlarımız Nina, Rusanda və Alyonanın Kişinyov barədə dediklərinə haqq verirəm. Bura bahar cövlan edərkən gəlmək lazımdır: şəhərdə yaşıllıq və parklar çoxdur. Amma nə edək ki, biz təkcə küknar ağaclarını yaşıl donda gördük. 
   
   Yaşayış məskəni olaraq Kişinyovun adı ilk dəfə XV əsrin əvvəllərinə aid sənədlərdə çəkilsə də, yalnız 1818-ci ildə şəhər statusunu qazanıb. Bu gün bizim Moldova Respublikası kimi tanıdığımız ölkənin tarixi mürəkkəbdir. Gah Ukraynanın, gah Rusiya imperiyasının, gah Rumıniyanın tərkibində olmuş bu düzənlik diyarda yer adlarının yaranma mənbəyi də qarışıqdır. Təxminən iki əsr Osmanlı imperiyasının tərkibində olmuş Kişinyovun adı da iki dildəki iki sözdən yaranıb. Kişinyov - kişla noue, yəni yeni xutor deməkdir. Kişla türkcə qışla (qışlaq) sözünün təhrif olunmuş formasıdır, noue isə moldav dilində yeni deməkdir. 
   
   İkitirəlik arasında 
   
   SSRİ dağılandan sonra separatizm ilə üzləşən Moldova artıq 26 ildir ki, bu bəladan qurtulub özünə gələ bilmir. İkitirəlik o dərəcəyə çatıb ki, ölkədəki pravoslav məbədləri iki - Moskva və Rumıniya patriarxlığı - arasında bölünüb. Əhalinin yarısı, demək olar ki, qeyri-moldavlar və yetkinləşmə dövrü sovet vaxtına düşmüş etnik moldavların əksəriyyəti Rusiyapərəst, digərləri isə - Rumıniyapərəstdirlər. Aralarında Moldovanın Rumıniyaya birləşməsi istəyi ilə yaşayanlar, moldav dilini rumın dilinin bir dialekti hesab edərək ana dilinin rumın dili olduğunu israr edənlər də az deyil. Dil demişkən, əgər fransız və türk dillərini bilirsənsə, latın qrafikalı moldav dilini öyrənmək o qədər də çətin deyil. Üstəlik, bu şəhərdə tək dolaşmaq, bazarlıq etmək də problem deyil. Çünki qarşına çıxan bütün yaşlılar rusca, cavanlar isə həm də rus, ingilis və türk dilini bilirlər. 
   O ki qaldı moldavlara, sakit, təmkinli, hətta bizim özümüzə nöqsan saydığımız qədər ciddi, azacıq da qaraqabaqdırlar. Nədənsə mənə elə gəldi ki, kişinyovlular olduqlarından zəngin görünməyə can atırlar. Çünki görkəminə görə sanki ötən əsrin səksən-doxsanıncı illərində qalmış şəhərin fonunda işdən, dərsdən gələn əhali çox müasir geyimdə görünür. Küçədə sovet istehsalı olan avtomobilə rast gəlməzsən, amma trolleybusda hələ də konduktor sənə 2 leyin müqabilində kağız bilet verir. 
   Müşahidələrimi tarixçi-jurnalist Nina Tofan ilə bölüşürəm. Nina sözümü təsdiqləyir: «Bizlərdə olduğu kimi tək-tək danışdırsan, şikayətlənəcək ki, bahalıqdı, canım ağrıyır, pul çatmır. Amma paltarın bahalısını geyinəcək, maşının bahalısını alacaq, kredit götürüb övladının toyunu da bahalı restoranda edəcək!». Deməli, oxşarlığımız təkcə zahiri görkəmimizdə yox, məişət prioritetlərimizdə də var. 
   Moldav şərabını dadmayanlar da bilirlər ki, bu şərab bütün dünyada adla deyilir, özləri də şərab içməyə meyllidir. Amma Kişinyovda keçirdiyimiz dörd gün ərzində axşamdan xeyli keçmiş başmaqseyrində də, şam etdiyimiz restoranda da hədsiz içkili birinə rast gəlmədik, ictimai nəqliyyatda spirt qoxusu burnumuzu qıcıqlandırmadı. Görünür, ya onlarda alkoqolun təsirinə qarşı immunitet yaranıb, ya təsəvvür etdiyimizdən az içirlər, ya da moldav şərabı doğrudan da az alkoqollu içkidir. 
   Yeri gəlmişkən, bu ölkədə şərabdan sənət naminə bəhrələnən bir nəfər də var ki, onu tanımağa dəyər...

   Şəhərin, yoxsa yaratmağın «dəlisi»
   
   Treninqimizin ilk günündə bir həmkarımızla da tanış olduq. Vasile Botnaru təkcə jurnalist deyil. Bir dəfə təsadüfən qədəhdə unutduğu şərab onu unikal üslubda rəsm çəkməyə həvəsləndirib. Botnaru şərabla şəkil çəkməyə başlayıb: «Yəqin ki, mən Moldovada ən dəli adamam, şərabı içmək əvəzinə ondan boya kimi istifadə edirəm. Nə edək, hər şəhərin öz dəlisi olmalıdır». 
   Şəhərlə işimiz yox, amma Vasile şərabla işləməyə dair örnək olmadığından bütün çətinliklərdən təcrübə aparmaqla keçib. Moldav həmkarımız treninq iştirakçıları üçün təşkil edilmiş improvizə sərgidə bir qonaqpərvərlik jesti etdi: «Aranızda püşk atın. Püşkdən kimin adı çıxsa, ona bir əsərimi bağışlayacağam». Qismətdən kouç Maya Cagginin çəkdiyi püşkdə mənim adım çıxdı. Və Vasile Botnarunun əsəri Azərbaycana gəldi. 
   Yeri gəlmişkən, bizdə də qeyri-ənənəvi boya ilə işləyən rəssamlar var: Sabir Çopuroğlu neftlə, həkim-rəssam Rauf Canıbəyov isə çayla gözəl lövhələr yaradırlar. Necə deyərlər, kasıbın olanından. 
   
   Viktoriya - qələbə deməkdir! 
   
   Hava limanından sonra bizim Moldovada rastlaşdığımız ikinci ürəkaçan sürpriz isə gözəl moldav qızı, bir neçə il Bakıda yaşamış, adını çəkəndə «ay can» deyib hay verən Viktoriya Okişanu-Belous ilə tanışlıq oldu. «Cultural Journalism» treninqinin Moldovadakı kuratoru sarışın Viktoriyanın sayəsində Kişinyovda heç darıxmadıq. Treninqin ilk günü hotelə ardımızca gələn Viktoriya dərhal Azərbaycan təmsilçiləri ilə maraqlandı, bizimlə şəxsən tanış olmamış hər kəsin yanında ölkəmiz və xalqımız barədə xoş fikirlərini paylaşdı. Azərbaycan vurğunluğu ilə bizim müğənnilərə qulaq asdığını, evində düşbərə, küftə-bozbaş bişirdiyini dedikcə, bizimlə rus dilində etdiyi söhbətə azərbaycanca «yaxşı?», «nə danışırsan?» deməklə reaksiya verdikcə, Bakıda gördüyü yaxşılıqları heç vaxt unutmayacağını təkrarladıqca ona, Moldovaya rəğbətimiz birə-beş artdı. 
   Biz, Azərbaycanda gördüyü yaxşılığı unutmayan, insanlarımıza, mədəniyyətimizə qəlbən bağlanan qədirbilən dostlarımızla güclüyük, qalibik. İşə bax ki, Viktoriya da qələbə deməkdir.
   * * *
   ...Təyyarəmiz havaya qalxır. Kişinyovda axşamdır. Bakıda isə artıq gecə yarısı. Hələ ki şəhərin işıqları görünür. Birdən səmada, əlçatacaq qədər yaxın görünən iri ulduz diqqətimi çəkir. Yerə ən yaxın, amma adını bilmədiyim planetin göyümtül işığı məni diksindirir. Axı, bizim Sumqayıtdakı mənzilin eyvanından da sola baxanda bu ulduz elə bu boyda görünür?! Yer nə qədər kiçik, ölkələr də bir-birinə nə qədər yaxınmış. Dost qazandığımız diyarlar isə bizə həm də doğmadır. 
    
   Gülcahan Mirməmməd
   Bakı-Kişinyov-Bakı