“Delfinlər insanların dostudur” deyirlər. 2009-cu ildə ən yaxşı sənədli film üzrə “Oskar” mükafatı almış “Buxta” filmini (“The Cove”) izlədikdən sonra anladım ki, insanlar hələ də bu dostluğa hazır deyil... 
      
   Öncədən onu qeyd edim ki, “Buxta” filmi adətən elm yüklü informasiyaları ilə bir qədər cansıxıcı olan sənədli filmlərdən fərqlənir. Gizli tədqiqatlar apararaq qadağan olunmuş delfin ovunu aşkara çıxaran yaradıcı qrup heyətinin filmdə əvəzolunmaz əməyi var. Hadisələr Yaponiyanın Taiji adasında baş verir. Yaponiya hökuməti çəkilişlərə icazə vermədiyindən görüntülər gizli şəkildə, əsasən gecə vaxtı lentə alınıb.
   Statistika göstərir ki, hər il Yaponiyada 23 min delfin və 1000 balina qeyri-qanuni ovlanır. Təbii ki, Yaponiya mətbuatının gizlətməyə çalışdığı bu rəqəmlərin filmdə ifşası onların sonrakı taleyini sual altında qoyur. Delfin əti Yaponiyada yeyilmir, o üzdən bu qədər delfinin ovlanma səbəbi insanda sual doğurur. Film bu sualı da araşdırıb ortaya zəruri faktlar çıxarır. Araşdırmalar sübut edir ki, delfin əti başqa dəniz məhsulları adı ilə mağazalarda insanlara satılır. Həkimlər delfin ətində insan sağlamlığına zərər verəcək civə maddəsinin olduğunu söyləyir. Beləliklə, delfin ovçuları təkcə delfinləri qətlə yetirməklə kifayətlənməyib, insan həyatını da təhlükə qarşısında qoyur. “Buxta” filmində bu ətdən yeyib xəstəlik tapan insanlar da göstərilir. Bu xəstəliyə tutulan adamlar iflic olur.
   Filmin sonu isə daha dəhşətlidir. Nizəyə bənzər kəsici alətlərlə ovlanan delfinlərin çığırtıları...və qırmızı rəngə boyanmış buxta...
   Maraqlıdır ki, film ekranlara çıxanadək Yaponiyada əhalinin bu cür geniş miqyasda qanunsuz delfin ovundan xəbəri olmayıb. Filmi izləyən sadə vətəndaşlar gördükləri səhnələrdən dəhşətə gələrək bunu edənlərə nifrətini bildirirlər. “Buxta” sənədli filmi həm də delfin və başqa dəniz canlılarının köməyə çağırış səsidir.
   
   Y.Cansail