Kamal Abdullayev - 90 
   
   
   Müasir Azərbaycan dirijorları nəslinə mənsub olan Xalq artisti, professor Kamal Abdullayev (1927-1997) musiqi mədəniyyətimizin inkişafında böyük rol oynamış sənətkarlardan biridir. O, respublikamızda, eləcə də xarici ölkələrdə tanınır və sevilirdi. Azərbaycanın və Rusiyanın musiqi mədəniyyətinin inkişafına böyük töhfələr vermişdir.
   Kamal Canbaxış oğlu Abdullayev 1927-ci ildə Bakıda anadan olmuşdur. 1945-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbini viola ixtisası üzrə (A.A.Qrossmanın sinfi) bitirmişdir. Musiqiyə olan böyük həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına gətirir və 1948-ci ildə ali musiqi məktəbini müvəffəqiyyətlə başa vurur. Öz üzərində daima çalışan Kamal Abdullayev Moskvaya gedir və 1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını opera-simfonik dirijorluğu ixtisası üzrə (prof. L.M.Ginzburqun sinfi) bitirir. 
   Həmin ildən doğma Vətənə qayıdaraq 1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Bu illər ərzində bir sıra klassik rus, Qərbi Avropa, sovet və eləcə də Azərbaycan operalarına, baletlərinə səhnə təcəssümü vermiş, bəzən də onların ilk təfsirçisi olmuşdur. Q.Qarayevin “Yeddi gözəl” və S.Hacıbəyovun “Gülşən” baletlərində, C.Cahangirovun “Azad” operasında onun dirijor kimi əməyini xüsusi qeyd etmək lazımdır. İlk dəfə onun rəhbərliyi altında Bakıda C.Puççininin “Manon Lesko”, J.Massnenin “Lakme”, C.Verdinin “Siciliyada axşam ibadəti” (SSRİ-də ilk dəfə) və s. əsərləri səslənmişdir.
   1959-cu ildə o, Donetsk Opera və Balet Teatrına baş dirijor dəvət olunur. Burada işlədiyi müddətdə görkəmli rus bəstəkarları M.Musorqskinin “Boris Qodunov”, S.Prokofyevin “Monastırda nikah” operalarını tamaşaya qoymuşdur. Onu da demək lazımdır ki, bu operanın qrammofon yazısına görə K.Abdullayev 1971-ci ildə Paris səsyazma firmasının “Böyük qızıl medalı”na layiq görülmüşdür.
   1962-ci ildə Kamal Abdullayev Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Dövlət Musiqili Teatrına dəvət olunur. Keçmiş Sovet İttifaqında öz yaradıcı səviyyəsinə görə üçüncü yerdə olan bu teatrda 8 il baş dirijor vəzifəsində çalışır. Teatrın repertuarında özünə möhkəm yer tutan Z.Kodayın “Xari Yanoş”, A.Nikolayevin “Həyat bahasına”, T.Xrennikovun “Kimsəsiz kürəkən”, S.Slonimskinin “Virineya”, O.Taktakişvilinin “Üç həyat” operalarını, M.Musorqskinin “Sərgidən şəkillər” baletini və s. tamaşaya qoymuşdur. 1991-ci ildə SSRİ-də ilk dəfə onun rəhbərliyi altında Moskva Konservatoriyasının Böyük zalında S.Prokofyevin “Yevgeni Onegin” tamaşasına musiqisi ifa olunmuş və 2 plastinkadan ibarət albom buraxılmışdır.
   Kamal Abdullayev Türkiyədə də çalışmış, Ankara Opera və Balet Teatrında ilk dəfə P.Çaykovskinin “Qu gölü”, L.Minkusun “Don Kixot” və s. baletlərin tamaşaya qoyulmasını həyata keçirmişdi.
   Onun səmərəli konsert fəaliyyəti də təqdirəlayiqdir. Sovet İttifaqının müxtəlif şəhərlərindəki qastrolları, müxtəlif ölkələrin opera və balet teatrlarında böyük uğurla keçən tamaşalar, xarici ölkələrdə (Macarıstan, Çexiya, Slovakiya, Almaniya, Yaponiya və s.) simfonik orkestrləri ilə birgə çıxışları istedadlı dirijorun yaradıcılıq uğurlarındandır. Onu da demək lazımdır ki, harada çıxış etməyindən asılı olmayaraq, Azərbaycan bəstəkarlarının (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və b.) ən yaxşı əsərlərinin təbliğinə xüsusi diqqət yetirirdi.
   Kamal Abdullayev həmçinin uzun illər Moskvada Qnesinlər adına Rusiya Musiqi Akademiyasında opera-simfonik dirijorluğu sinfində professor kimi çalışmışdır. Fədakar dirijor və müəllimin yetirmələri bu gün Rusiya və onun hüdudlarından kənarda müxtəlif musiqi kollektivlərində fəaliyyət göstərirlər. 
   K.Abdullayevin bir dirijor və musiqi xadimi kimi ciddiliyi, sənətinə vurğunluğu ona musiqi aləmində böyük nüfuz qazandırmışdır. Uzun illər Moskvada yaşamasına və işləməsinə baxmayaraq Azərbaycan musiqisinə, doğma xalqına qırılmaz tellərlə bağlı olmuşdur, musiqi xadimlərimizlə daimi yaradıcılıq əlaqələrini saxlayırdı. O, dəfələrlə doğma şəhəri Bakıya qastrol səfərlərinə gələrək filarmoniyada və Opera və Balet Teatrında çıxış etmişdir. 
   Özümü xoşbəxt hiss edirəm ki, mənə Kamal Ablullayevlə tanış olmaq nəsib olub. 80-ci illərdə mən konservatoriyada dekan kimi çalışanda tələbkar musiqiçini dəfələrlə dirijorlara imtahan komissiyasının sədri kimi dəvət edirdik. O, yüksək professional avtoriteti, savadı və erudisiyası ilə, eyni zamanda qəlb təmizliyi və insanpərvərliyi ilə bizim diqqətimizi cəlb edirdi. 1987-ci ildə onun 60 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Filarmoniyasında böyük müvəffəqiyyətlə keçən yaradıcılıq gecəsi respublikanın musiqi həyatında hadisəyə çevrilmişdi. Həmin gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Kamal Abdullayevin ilhamlı dirijorluğu ilə klassik və müasir əsərlərdən bir neçəsini dinləyicilərə təqdim etmiş, konsert musiqisevərlərin xatirəsində dərin iz buraxmışdı. Yadımdadır, simfonik konsert dahi alman bəstəkarı Bramsın III simfoniyası ilə başlamışdı. Dirijorun məharətli təfsirində simfoniya dinləyiciləri alman bəstəkarının romantika ilə dolu lirik-psixoloji aləminə qovuşdurmuşdu. K.Abdullayev Q.Qarayev yaradıcılığına həmişə böyük diqqət yetirirdi, bir çox ölkələrdə onun instrumental əsərlərini musiqisevərlərə təqdim edirdi. Yubiley konsertinin ikinci hissəsində o, Q.Qarayevin “Leyli və Məcnun” simfonik poemasına sanki yeni incə təravət gətirmişdi.
   Bu il Kamal Abdullayevin anadan olmasının 90 illiyidir. Sevindirici haldır ki, bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında xatirə gecəsi keçiriləcək. Görkəmli dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi altında böyük simfonik konsert hazırlanır. Proqrama K.Abdullayevin repertuarından musiqi nömrələri salınıb.
   Xalqın yaddaşı tarixin yaddaşı deməkdir. Dünya mədəni tarixində insanlar üçün ən önəmli yaddaş dəyərli mənəvi və estetik yaddaşdır. Xoşbəxt o adamdır ki, o xalqın tarixinə özünün unudulmaz izini qoyub və yaddaşlardan silinmir. Görkəmli Azərbaycan dirijoru, pedaqoqu, ictimai xadim, gözəl insan Kamal Abdullayev məhz belə şəxsiyyətlərdəndir.
   
   Zemfira Qafarova
   Əməkdar incəsənət xadimi, professor