Martın 16-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Prezident təqaüdçüsü olan gənc istedadların Novruz bayramına həsr edilmiş konserti keçirildi.
Tədbiri Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Elmira Aşumova açaraq Novruz bayramının gözəl məziyyətlərindən danışdı, iştirakçıları bayram münasibətilə təbrik etdi. Qeyd edildi ki, Prezident təqaüdçülərinin müxtəlif festivallarda, bayramlarda çıxışları xoş ənənəyə çevrilib. Budəfəki konsert proqramına Azərbaycan xalq mahnıları və bəstəkarlarımızın əsərləri daxil edilib.
Sonra konsert proqramı təqdim olundu. Prezident təqaüdçüləri Aytən İbrahimova, Nərgiz Hüseynzadə, Cəmilə Əsgərova, Zərrin Əliyeva, Şəms Ağazadə, Orxan Hüseynov, Şükür Ömərli, Vüsal Bayramov, Mircavad Cavadov, Sevinc Kərimova və başqalarının ifasında Ü.Hacıbəylinin “Arazbarı”, “Aşıqsayağı”, Q.Qarayevin “İldırımlı yollarla” baletindən “Qızların rəqsi”, F.Əmirovun “Məhəbbət rəqsi”, A.Rzayevin “Düşüncə”, S.Fərəcovun “Bahar nəğməsi”, “Şərq bazarı-Oğuz rəqsi”, Ə.Tağıyevin “İstəyirəm görəm səni”, T.Quliyevin “Qaytağı”, Ə.Məmmədovun “Mənim Azərbaycanım”, M.Mirzəyevin “Konsert-skerso”, A.Məlikovun “Prelüd No 3”, M.Əhmədovun “Qızlar bulağı”, C.Cahangirovun “Koroğlu” kinofilmindən Dəli Həsənin mahnısı səsləndirildi.
Maraqla dinlənilən musiqi nömrələri alqışlarla qarşılandı.
Sonda Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin sektor müdiri, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova çıxış edərək tədbir iştirakçılarını bir daha qarşıdan gələn bayram münasibətilə təbrik etdi, Novruzun xalımıza gözəl günlər və bol ruzi-bərəkət gətirməsini arzuladı.
Tədbirdə London Kral Musiqi Kollecinin professoru Leonid Kerbel və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov iştirak edirdi.
Savalan Fərəcov