Martın 15-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 36 nömrəli Uşaq musiqi məktəbi Ə.Bədəlbəyli adına 11 illik 23 nömrəli Uşaq musiqi məktəbində Xalq artisti, görkəmli kaman ifaçısı Habil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
Tədbirdə xalq artistləri Canəli Əkbərov, Fəxrəddin Dadaşov, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, idarənin baş məsləhətçisi Mehriban Qurbanova, uşaq musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.
Ustad sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Məktəbin xanəndəlik şöbəsinin müəllim və şagirdləri Habil Əliyevin ifa etdiyi muğamları və onun bəstələdiyi mahnıları səsləndiriblər.
Sonda sənətkarın qızı Vəfa Əliyeva çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb və ailəsi adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.