Məşhur yazıçı və ssenarist Arkadi Vayner 13 yanvar 1931-ci ildə Moskvada anadan olub. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirən A.Vayner bir müddət cinayət axtarışı idarəsində işləyib. Apardığı cinayət işləri ilə tanışlıq ona yazıçılıq karyerasında xeyli kömək edib. Qardaşı Georgi Vaynerlə birlikdə 130-dan çox detektiv əsər, filmlər üçün ssenarilər yazıb. Vayner qardaşlarının əsərlərinin ümumi tirajı 1 milyondan çoxdur. 
   
   Arkadi Vaynerin yazdığı ssenarilər əsasında xeyli sayda kinofilmlər çəkilib. Bunlardan “Vertikal üzrə yarış”, “Görüş yerini dəyişmək olmaz”, “Minotavrın yanına səfər”, “Qorxu dərmanı”, ”Labirintə giriş” və digər filmlər SSRİ dövründə sevilərək baxılan filmlər olub.
   “Vertikal üzrə yarış” filmi psixoloji detektiv janrında çəkilən filmlər arasında özünəməxsus yer tutur. Cinayət axtarış şöbəsinin əməkdaşı ilə qatı cinayətkarın mübarizəsi filmin süjet xəttini təşkil edir. Milis işçiləri əntiq əşyalarla dolu çamadanla gəzən oğrunu həbs edirlər, ancaq tutarlı sübut olmadığına görə onu azadlığa buraxırlar. Azadlığa çıxan cinayətkar öz əməllərini davam etdirir. Onun həbs edilib istintaqa cəlb olunmasını müstəntiq özü üçün şərəf məsələsi hesab edir.
   “Mən müstəntiqəm” filmi 1971-ci ildə “Gürcüstanfilm” studiyasında çəkilib. Şosse yolda ağır yaralanmış bir kişi tapılır. Məlum olur ki, bu təyyarəçidir və istirahətə gəlib. Onun “Volqa” maşını oğurlanıb. Axtarış nəticəsində ikinci bir “Volqa”nın da oğurlandığı meydana çıxır. Cinayət işi dolaşığa düşür, lakin işi aparan gənc müstəntiq kələfin ucunu açır. Məlum olur ki, hər iki maşın cinayətkarlar tərəfindən oğurlanıb və inkassatorların soyulmasında istifadə olunub.
   Detektiv janrda daha bir ekran əsəri 1979-cu ildə çəkilmiş “Qorxu dərmanı” filmidir. Filmin süjet xəttini cinayətkarların milis kapitanını elmə məlum olmayan kimyəvi maddə ilə zəhərləməsi, onun vəsiqəsini və silahını götürərək cinayət əməlləri törətməsi təşkil edir. Bu film də uzun müddət ekranlardan düşməyib.
   Vayner qardaşlarından danışarkən ilk olaraq yada beşseriyalı “Görüş yerini dəyişmək olmaz” filmi düşür. Tanınmış rejissor Stanislav Qovoruxinin çəkdiyi bu filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və cəbhədən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov \"Qara pişik\" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milis işçiləri eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir.
   Filmdə bir çox gözlənilməyən hadisələr baş verir. Belə ki, günahı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq nümayiş etdirir, quldurların biri isə Şarapovun keçmiş cəbhə yoldaşı çıxır. Filmin son seriyasında dəstə üzvləri həbs olunur.
   Filmdə Vladimir Vısotski, Vladimir Konkin, Zinoviy Gerdt, Svetlana Svetliçnaya, Sergey Yurski, Aleksandr Abdulov və digər məşhur aktyorlar çəkiliblər.