Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Moskvada keçirilən müasir və folklor rəqsləri üzrə Avropa çempionatında uğurla iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yarışmaya qatılan məktəbin "Alov" rəqs kollektivi Emil Pənahovun rəhbərliyi ilə üç kateqoriyada təqdim olunub. Birinci kateqoriya - uşaq dueti üzrə təmsilçilərimiz "Sudan gələn" rəqsi ilə birinci olublar. İkinci kateqoriyada (gənc duet) “Naz eləmə" rəqsi üçüncü yerə, üçüncü kateqoriyada (folklor stilizasiya - ansambl, 9 nəfər) isə "Sarı gəlin" rəqsi ikinci yerə layiq görülüb.
* * *
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin vokal ixtisası üzrə IX sinif şagirdi Lalə İbrahimova isə Estoniyanın Kotla-Yarva şəhərində keçirilən XII Beynəlxalq Akademik vokal üzrə müsabiqədə ölkəmizi layiqincə təmsil edib.
Müsabiqə 4 kateqoriya üzrə 2 turdan ibarət olub. Hər iki turda uğurlu çıxışların nəticəsi olaraq Lalə İbrahimova III yaş kateqoriyası üzrə laureat adı qazanıb.
Tallin şəhərində laureatların qala-konsertində də çıxış edən L.İbrahimovaya azərbaycanlı diasporu adından hədiyyələr təqdim olunub.