Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəvəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Abşeron rayon Xırdalan şəhər onbirillik Uşaq musiqi məktəbinin kollektivi 17-21 mart tarixində Gürcüstanın Tbilisi və Marnueli şəhərlərində Novruz bayramı tədbirlərində iştirak edib.
Bayram tədbirlərinə muzeydə açılmış “Bahar rəngləri” adlı sərgi ilə start verilib. Sərgi Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, Azərbaycanın bu ölkədəki səfirliyi və SOCAR-ın dəstəyi ilə reallaşıb.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva sərginin əhəmiyyətindən danışıb. Xalçaçılıq, dulusçuluq, məişət əşyaları, musiqi alətləri və rəsm əsərlərinin nümayiş etdirildiyi sərgi tədbirə qatılanlar tərəfindən maraqla qarşılanıb.
Sonra Xırdalan şəhər musiqi məktəbinin kollektivi Əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə maraqlı konsert proqramı ilə çıxış edib. Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müşaviri Georgi Qeqeçqoriya, Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Elçin Məmmədov və başqaları məktəbin kollektivinə öz təşəkkürlərini bildiriblər.
Musiqi məktəbinin kollektivi həmçinin Tbilisi və Marnuelidə açıq meydanda şəhər rəhbərliklərinin iştirakı ilə keçirilən tədbirlərdə də maraqlı və rəngarəng konsert proqramı ilə çıxış edib.
Lalə