Azərbaycan Mətbuat Şurasında (MŞ) ölkəmizə səfərə gəlmiş türkiyəli jurnalistlə görüş keçirilib. Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərindən söz açaraq bildirib ki, iki ölkənin mediası bu münasibətlərin dərinləşməsində müstəsna rol oynamaqla yanaşı, türk dünyasının konsolidasiyası ilə bağlı proseslərə də töhfə verməkdədir. O, Mətbuat Şurasının İran, Rusiya və Gürcüstan daxil olmaqla region jurnalistlərinin görüşünü təşkil etməyi planlaşdırdığını diqqətə çatdırıb, bu görüşün reallaşmasında Türkiyə mediası ilə qarşılıqlı təşəbbüskarlığın əhəmiyyət daşıdığını deyib.
Türkiyəli media təmsilçilərinin ölkəmizə səfərinin təşəbbüskarı olan Milli Məclisin deputatı Qənirə Paşayeva qeyd edib ki, iki ölkə arasında çoxtərəfli əməkdaşlıq media müstəvisində tədbirlərlə də zənginləşməlidir.
Antalya Jurnalistlər Cəmiyyəti və Aralıq Dənizi Jurnalistlər Federasiyasının sədri, Türkiyə Jurnalistlər Konfederasiyası baş direktorunun sədr müavini Mövlud Yeni ümumən türk dünyasına qarşı beynəlxalq miqyasda özünü göstərən ayrı-seçkilikdən bəhs edib. Bildirib ki, media bu xoşagəlməz tendensiyaya qarşı əsaslı alternativ ortaya qoymalıdır.
Görüşdə Azərbaycan Mətbuat Şurası ilə türkiyəli media nümayəndələri arasında əməkdaşlıq memorandumu imzalanıb.