Prezident İlham Əliyev martın 30-da “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda vurğulanır ki, Tədbirlər Planı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə tərtib edilib.
Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Tədbirlər Planında çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, təhlükəsizlik, ətraf mühiti mühafizə tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı görüləcək işlər öz əksini tapıb.
Dörd il müddətində nəzərdə tutulan tədbirlərin icrasını Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Ədliyyə, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Əmlak Məsələləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, digər aidiyyəti qurumlar, yerli icra hakimiyyəti orqanları təmin etməlidir.