Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Qazaxıstanın Türkistan şəhərinin TÜRKSOY tərəfindən 2017-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə bağlı təntənəli mərasimdə və Novruz tədbirlərində iştirak edib. Tədbirlərdə Azərbaycanı “Cəngi” estrada və folklor rəqs ansamblı, sənətkarlar qrupu və muğam üçlüyü təmsil edib.
   “Türk dünyasının mədəniyyət paytaxtı - 2017” ilinin açılış mərasiminə türkdilli xalqların yaşadığı 20-dən artıq ölkədən 300-dək nümayəndə qatılıb. Sonra tədbirlər Qızıl Orda şəhərində Novruz şənlikləri ilə davam edib. Burada “Cəngi” estrada və folklor rəqs ansamblının çıxışı maraqla qarşılanıb.
   “Türkistan - Türk dünyasının mədəniyyət paytaxtı - 2017” tədbirləri çərçivəsində “Buran Bel” Beynəlxalq rəqs müsabiqəsi də keçirilib. 16 ölkədən 20 kollektivin iştirak etdiyi müsabiqədə müxtəlif nominasiyalara müvafiq olaraq diplomlar təqdim edilib. “Cəngi” estrada və folklor rəqs ansamblı 1-ci yerə layiq görülərək pul mükafatı ilə təltif edilib.