"Bakıda ticarət festivallarının ("Shopping festival") keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Bu festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini nəzərdə tutur".
Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov bu barədə mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatı Vergilər Nazirliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada aparılır. Festival zamanı hər bir alıcı verginin qaytarılması ilə bağlı satıcılar tərəfindən izahlı məlumat əldə edə biləcəklər.
Alıcı ticarət festivalı dövründə aldığı mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə müəyyən olunmuş yerlərdə yaradılan xüsusi köşkə yaxınlaşaraq aldığı malların elektron vergi hesab-fakturasını vergi orqanının köşkdə çalışan əməkdaşına təqdim edir. Məlumatlar vahid məlumat bazasında yoxlanıldıqdan sonra avtomatik olaraq risk qiymətləndirməsi aparılır və onun nəticələri əsasında vergi orqanının əməkdaşı tərəfindən mallara baxılmalı olub-olmadığı açıqlanır. Yoxlamanın nəticələrinə uyğun olaraq qaytarılacaq ƏDV məbləği barədə təsdiq qeydi aparılır, sənəd möhürlənib alıcıya təqdim olunur və bu barədə məlumat real vaxt rejimində müvəkkil banka ötürülür. Müvəkkil bank isə vergi orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq, elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli valyutada (əcnəbilərə münasibətdə milli və ya xarici valyutada) alıcının bank kartına (və ya hesabına) köçürmə qaydasında qaytarır.
Ə.Məmmədov qeyd edib ki, ümumilikdə "Tax free" sistemində olduğu kimi, burada da bir sıra mallar var ki, onlara görə tutulmuş ƏDV qaytarılmır: "Bura aksizli mallar, ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri aiddir. Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması yalnız bir elektron vergi hesab fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda təmin edilir".