Türkiyə təqaüdləri ilə təhsil alan gənclərə bu məqsədlə xüsusi dərslər keçilir
Bu ildən Ankarada Türkiyə təqaüdləri ilə təhsil alan xarici tələbələr üçün müxtəlif mövzu və sahələri (tarix, fəlsəfə, mədəniyyət, el sənətkarlığı və s.) əhatə edən xüsusi seminarlar təşkil edilir. Bu dərslər Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığının (YTB) təşəbbüsü ilə keçirilir. Layihə ilə bağlı ətraflı məlumat almaq üçün Ankara Türkiyə Təqaüdləri Ofisinin rəhbəri Ali İşıkla həmsöhbət olduq.
- Necə oldu ki, Ankarada təhsil alan əcnəbi tələbələrə müxtəlif mövzularda xüsusi seminar-dərslər keçmək qərarına gəldiniz?
- Əvvəlcə onu deyim ki, 2012-ci ildən etibarən tətbiq edilən “Türkiyə Təqaüdləri” (Türkiye Bursları) proqramı dünyanın fərqli ölkələrindən olan tələbələrə ölkəmizdə ali təhsil almalarına şərait yaratmaq məqsədi daşıyır. “Türkiyə Təqaüdləri” çərçivəsində təhsil alan 16 min əcnəbi tələbənin 2200-dən çoxu Ankaradakı universitetlərdə oxuyur. Bu tələbələrin sənət, mədəniyyət, ədəbiyyat və digər sahələrdə özlərini inkişaf etdirmə və ölkəmizlə bağlarını qüvvətləndirmək məqsədilə Ankara (Hamamönü) Türkiyə Təqaüdləri Ofisi açılıb. Bu ildən isə müxtəlif mövzularda seminarlar keçirilir. Xarici dillərə tərcümə, mədəniyyət və tarix, beynəlxalq əlaqələr kimi sahələrlə yanaşı, incəsənət (qrafika, yağlı boya, ebru, hüsnxət, çini işləmə) seminarları da təşkil olunur.
- Əcnəbi tələbələrə ənənəvi türk sənətlərinin öyrədilməsində məqsəd nədir və bu seminarlara maraq necədir?
- Türkiyə təqaüdlü tələbələrin sənət və mədəniyyətimizi tanımaları, ölkəmizdə təhsil gördükləri müddətdə özlərini inkişaf etdirmələri və təhsili bitirdikdən sonra da öz ölkələrində Türkiyə ilə əlaqələrini gücləndirmələri məqsədilə qeyd etdiyim sənətlər üzrə seminarlar keçirilir. Bu seminarların hər biri peşəkar müəllimlər tərəfindən aparılır. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin ebru sənəti üzrə mütəxəssisi və müəllim Songül Sönməz tələbələrə bu sənətin sirlərini öyrədir. Bildiyiniz kimi, ebru su üstündə xüsusi hazırlanmış boyalarla yaradılan rəsmlərin kağız üzərinə köçürülməsi yolu ilə əldə edilən bir bəzəmə sənətidir. Onun fırça və boyaları da xüsusi olur. Seminarlara qatılan tələbələr gül və digər fiqurları ebru sənəti vasitəsilə meydana gətirməyi bacarırlar. Tələbələr arasında maraq göstərilən sahələrdən biri də çini sənəti oldu. Osmanlıdan günümüzə qədər gəlmiş ənənəvi türk sənətlərindən biri olan çini daxili və xarici arxitektura süsləmələri ilə yanaşı, qab-qacaq, vaza, sürahi və s. hazırlanmasına imkan verən bir əl sənətidir. Çini sənətinin yaşı minillik bir tarixi keçmişə dayanır, ilk müsəlman-türk dövləti Qaraxanlılara qədər gedib çıxır. Böyük Səlcuq və Anadolu Səlcuq dövlətləri dövründə çini bəzəklərdən tez-tez istifadə ediblər. Osmanlı dövlətinin qurulmasından sonra çini sənətində yeni bir dövr başlayıb. Seminarda dərs alan tələbələr bu sənətlə əlaqədar ümumi məlumatları əldə edir, onun tarixini, praktik tətbiqini öyrənirlər. Tələbələr bu sənət növlərini öyrəndikdən sonra onların əl işlərini də nümayiş etdiririk. Məsələn, sulu boya rəsm dərslərini yaxşı mənimsəmiş tələbələrin çəkdikləri mənzərə, portret, natürmort və digər əsərlərdən ibarət sərgi təşkil etmişik.
- Bu seminarlarda həm də mədəniyyət və tarix dərsləri keçirilir. Sizcə, bunun tələbələr üçün faydası nədir?
- Məqsəd tələbələrin mədəniyyət və tariximizi daha yaxından tanımalarına yardım etməkdir. Dərslərdə mədəniyyətlərarası qarşılıqlı təsirin necə olduğu, dünyada mədəniyyətlərin varlığının nəyə işarə etdiyi, həqiqət yolunda olan insanın bu yolu təcrübədən keçirərək əldə etdiyi uğurlar üzərindən mədəniyyətlərin necə oxuna, mənimsənilə biləcəyi kimi məsələlər müzakirə edilir. Bu çərçivədə ilk oxuma, dərsə metodologiya imkanı qazandıracağını düşündüyümüz mənbələrdən biri professor Əhməd Davudoğlunun “Mədəniyyətlərin mən idrakı” məqaləsi oldu. Bunun ardından dünyada əhəmiyyətli mədəniyyətlər olaraq qəbul edilən Şumer, Babil, Hind, Çin, Yunan, İslam mədəniyyətlərinin əsas mətnlərindən istifadə edərək mədəniyyət oxumalarının davam etdirilməsi düşünülür. Mədəniyyət mübadiləsindən bəhs edildiyi və yaşandığı indiki vaxtda fərqli mədəniyyətlərə mənsub tələbələrin bir araya gətirilməsi çox faydalı oldu. Seminarların sonunda tələbələrdən "Bir mədəniyyətin güclü olma iddiasına səbəb olan yollar” mövzusu üzrə yazı qələmə almaları istənildi. Yazıların hər birini qiymətləndirərək, içərisindən ən yaxşılarını seçərək dərc etməyə çalışdıq.
Onu da qeyd edim ki, dərslərə davam edən tələbələrə proqramların sonunda sertifikatlar verildi. Bu tələbələri müəllimləri seçdi. Ümumilikdə 120 tələbəyə sertifikat verildi.
- Bu seminarlar davam etdiriləcəkmi?
- Artıq yeni mövzularda seminarlara start verilib. Bunlar hüquq siyasəti, ədəbiyyat, mədəniyyət, tarix, sənət tarixi, iqtisadi düşüncə oxumalarıdır. Yenə də davamlı dərslərə gələn tələbələrə qurum tərəfindən sertifikatlar təqdim olunacaq.
Mehparə Sultanova
Ankara