Martın 27-də məşhur bakılı, dünya şöhrətli musiqiçi və görkəmli ictimai xadim, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviçin anadan olmasının 90 ili tamam oldu. Azərbaycan Respublikası Prezidentinin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə 23-27 aprel tarixində Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Dövlət Filarmoniyası və Heydər Əliyev Sarayında keçiriləcək festivala Rusiya, Avstriya, Almaniyadan tanınmış musiqiçilər və kollektivlər - Yuri Temirkanovun rəhbərlik etdiyi Sankt-Peterburq Akademik Simfonik Orkestri, “Drezden Ştaatskapella”, “Vyana-Berlin” Kamera Orkestri, Daniel Müller Şott, Honek Rayner, Omer Meir Vellber, Kit Armstronq, Vadim Rudenko, Sergey Doqadin və başqaları qatılacaq. Xarici musiqiçilərlə yanaşı, festivalda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayev), pianoçu, Xalq artisti Murad Adıgözəlzadə, gənc violin ifaçısı Ümidə Abbasova iştirak edəcək.
Konsert proqramlarında V.A.Motsart, Y.Haydn, P.İ.Çaykovski, S.Raxmaninov, S.Prokofyev, D.Şostakoviç, İ.Stravinski, A.Şnitke, O.Respiginin əsərləri səslənəcək.
Aprelin 23-də Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək açılış konsertində Xalq artisti, görkəmli bəstəkar Xəyyam Mirzəzadənin “Diptich” (Simfoniya №3) əsəri ilk dəfə ifa olunacaq. Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər Murad Adıgözəlzadə (piano) və Ümidə Abbasova (violin) səhnəyə çıxacaq.
Festivalın bağlanış konserti 27 apreldə Heydər Əliyev Sarayında keçiriləcək. Konsertdə Sankt-Peterburq Akademik Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Yuri Temirkanov), solist Sergey Doqadin (violin) çıxış edəcək.
Qeyd edək ki, Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2007-2015-ci illərdə maestronun adını daşıyan səkkiz musiqi festivalı keçirilib.