VI “Muğam televiziya müsabiqəsi”ndə hər həftə həyəcan daha da artır
   
   Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik milli ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən “Muğam televiziya müsabiqəsi” keçirir. Bu il martın 14-də növbəti, VI “Muğam televiziya müsabiqəsi”nə start verilib. 
   Budəfəki müsabiqədə də 20 iddiaçı mübarizə aparır. Muğam sənətinin mahir ifaçı və bilicilərindən ibarət münsiflər heyəti Azərbaycanın bütün bölgələrindən 400-ə yaxın gənc ifaçını dinləyib və onların içərisindən 20 iştirakçı seçilib. Geniş teletamaşaçı auditoriyası olan müsabiqədə hər ötən həftə daha da canlanma və yaradıcı rəqabət hiss olunmaqdadır. Bu barədə münsiflərin fikirlərini öyrəndik.
   Xalq artisti Mənsum İbrahimov bildirdi ki, artıq müsabiqədə üç həftəni arxada qoymuşuq. Hər həftə həyəcan daha da artır. Maraqlı cəhətlərdən biri də budur ki, hər dəfə yeni səslər kəşf edirik: “Əslində, bu müsabiqənin ən önəmli, özəl tərəfi odur ki, biz hər dəfə yeni səslər üzə çıxarırıq, tamaşaçılara yeni səslər təqdim edirik. Seçimlərə uşaq və gənclərin çox böyük marağı vardı. Sevindirici haldır ki, gənc nəsil muğam sənətimizə belə həvəs göstərir. Heydər Əliyev Fondunun layihəsi olan müsabiqə həm ölkəmizdə, həm də dünyada yaşayan azərbaycanlılar arasında populyarlıq qazanıb. Azərbaycan Televiziyası vasitəsilə dünyanın hər yerində yayımlanan müsabiqənin geniş tamaşaçı auditoriyası var”. 
   Həmsöhbətim bildirdi ki, budəfəki müsabiqədə də maraqlı səslərimiz var: “İnanıram ki, gözəl ifalar eşidəcəyik və səhnəmiz üçün yeni Leyli və Məcnunlar yetişəcək. Müsabiqənin nəticəsindən isə muğam sənətimiz qazanacaq. Bu işdə ən böyük dəstəkçimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Tamaşaçılara müsabiqəni daimi izləməyi tövsiyə edirəm. Çünki çox maraqlı ifaların şahidi olacaqlar”. 
   Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi də budəfəki müsabiqədə maraqlı səslərin olduğunu deyir. Onun sözlərinə görə, tamaşaçıların diqqəti və müsabiqəyə ictimaiyyətin marağı iştirakçıların məsuliyyətini birə-beş artırır: “Təşkilatçılar və münsiflər də çalışırlar ki, ifaçılar daha da yaxşı hazırlaşıb ürəkaçan çıxışları ilə dinləyicilərin zövqünü oxşaya bilsinlər. Qarşıda müxtəlif mərhələlər, klassik şairlərin yaradıcılığına həsr olunmuş buraxılışlar nəzərdə tutulur. Mən də sırf qəzəl və bədii nümunənin seçiminə diqqət edən münsif kimi çalışacağam ki, ifaçılar bu mərhələlərə yaxşı hazırlaşıb gözəl nəticələr göstərə bilsinlər”. 
   Xalq artisti Səkinə İsmayılova: “Hələ ki müsabiqənin ilkin mərhələlərindəyik. Amma muğama gənclərimizin marağını xüsusi qeyd etmək istərdim. Seçim turlarına 7-8 yaşlı uşaqların qatılmağı bizi sevindirirdi. Azərbaycandan kənarda böyük tamaşaçı ordumuz var, çoxlu məktublar alırıq. İştirakçılar öz ifaları, çıxışları üzərində səylə çalışırlar. Sözün əsl mənasında rəqabət başlayıb. Belə bir canlanma və ifaçıların həvəslə çıxışları bizləri sevindirir. İnanıram ki, bu müsabiqə də əvvəlkilər kimi muğam sənətimizə öz töhfəsini verəcək. Bütün təşkilatçılara da dərin təşəkkürümüzü bildiririk”. 
   Qeyd edək ki, müsabiqənin münsiflər heyətinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və “Mədəniyyət” telekanalının direktor müavini, Əməkdar incəsənət xadimi Nadir Axundov daxildir. Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilir.
   
   Lalə Azəri