Aprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin (1934-2015) mahnılarından ibarət konsert proqramı təqdim olundu.
Həzin, incə duyğularla dolu bir gecə. Bu dəfə paytaxtın öz ənənəsi ilə seçilən konsert salonu tamaşaçılarını unudulmaz bəstəkar Ramiz Mirişlinin yaradıcılıq işığına toplamışdı. O işıq ki, burada ədəbiyyat və musiqinin harmoniyasında mükəmməl sənət əsərləri yaranıb. Bu mahnılar uzun illərdir dinləyicilərin qəlbinə yol taparaq nəsillər arasında körpü yaradıb. Sevib sevilənlər, həyat eşqi ilə yaşayan insanlar bu mahnılardan ruh alıb. Musiqi özü bir dünyadır. Ramiz Mirişlinin bəstələri də başdan-başa bir dünyadır. O dünya ki, burada insanın hər bir ruh halını görmək olar...
Gecənin aparıcısı Əməkdar artist Nərgiz Cəlilova təqdim etdiyi hər bir mahnının tarixçəsi ilə bərabər bəstəkarla bağlı xatirələrini də tamaşaçılarla bölüşürdü. Səslənən mahnılar isə bəstəkarın bizə necə bir zəngin irs qoyub getdiyindən xəbər verirdi. Konsertdə xalq artistləri Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Brilliant Dadaşova, Ənvər Sadıqov, əməkdar artistlər Emil Əfrasiyab, Zakir Əliyev, Abbas Bağırov, Mətanət İsgəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova, Bəyimxanım Vəliyeva, Lalə Məmmədova, müğənnilər Nadir Qafarzadə, Sevda Yəhyayeva, Arzu Əliyeva, Rövşən Əziz, Emiliya Yaqubova, Sərxan Bünyadzadə, Zabitə Alıyeva, Aynur İsgəndərli, Kənan Qədimov və "Sevil" qrupu iştirak edirdilər.
Müğənniləri səhnədə Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri, Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblı, Tofiq Əhmədov adına Estrada orkestri və "Qaytağı" instrumental ansamblı müşayiət edirdi. Bəstəkarın "Bir könül sındırmışam", "Dalğalar", "Sənsən", "Səni tapdı", "Oxu bülbül", "Səadət", "Əlvida", "Qızıl gülüm", "Bir xumar baxışla", "Yandım, elə yandım" kimi sevilən mahnıları gecəyə qatılanlar tərəfindən alqışlarla qarşılandı.
Lalə