Vokal və estrada oxuma üzrə respublika müsabiqəsinin qalibləri elan edildi
Aprelin 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Uşaq və gənclər arasında vokal və estrada oxuma üzrə respublika müsabiqəsinin yekun konserti keçirildi.
Məlumat üçün deyək ki, bu ilin mart ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda 8-18 yaşlı uşaq və gənclər arasında 2 nominasiya (vokal və estrada oxuma) üzrə 2 yaş qrupunda müsabiqə keçirilib. Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Samir Cəfərovun sədrlik etdiyi münsiflər heyəti respublikanın uşaq musiqi və incəsənət məktəblərində, Azərbaycan Milli Konservatoriyasında və onun tərkibindəki İncəsənət gimnaziyasında təhsil alan 70-dək şagird və tələbənin ifasını dinləyib.
Nəhayət, qaliblərin elan edildiyi gün yetişdi.
Səhnəyə dəvət edilən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qalibləri, onların müəllimlərini təbrik edərək söylədi ki, zəngin ənənələri olan milli vokal məktəbimizin onlarla yetirməsinin adı Azərbaycan musiqi sənəti tarixinə qızıl hərflərlə yazılıb. Vokalçılarımızın səsləri həm də xarici ölkələrin opera səhnələrindən, konsert salonlarından gəlir. Sevindirici haldır ki, bu gün ölkəmizdə həm akademik vokal, həm də estrada sahəsində istedadlı gənclər çoxdur. Bu müsabiqəni keçirməkdə məqsəd gənc istedadları aşkara çıxarmaq, onların ifaçılıq səviyyəsini yüksəltmək və dəstəkləməkdir.
Nazir müavini vurğuladı ki, ölkə başçısı İlham Əliyev daim istedadlı gənclərə, uşaq yaradıcılığının inkişafına böyük diqqət və qayğı göstərir. Belə ki, son illər onlarla istedadlı uşaq və yeniyetmənin adı Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na salınıb, onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev qaliblərin adlarını elan etdi. Bildirildi ki, 4 nəfər - İsmayıl Əsədli, Əhməd Əmirli, İsgəndər Həsənzadə və Nihad Orucov I dərəcəli diplom və müsabiqənin laureatı adına, Suel Baxşəliyeva, Dürdanə Məmmədzadə, Atilla Məmmədov, Sara Nəsirova, Emil İsmayılov, Qaya Nəsibzadə və Talıb İsgəndərli II dərəcəli diplom və laureat adına layiq görülüblər. Daha 12 nəfər uşaq və gəncin çıxışı isə III dərəcəli diplom və müsabiqənin laureatı adı ilə qiymətləndirilib.
Xalq artisti Samir Cəfərov, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov və təcrübəli mütəxəssis Solmaz Qasımovadan ibarət münsiflər heyəti müsabiqə iştirakçılarını bu sənət yarışına hazırlaşdıran müəllim və konsertmeysterləri də unutmayıb. Daha çox fərqlənmiş 22 müəllim və 16 konsertmeyster mükafatlandırılıb.
Qaliblər elan edildikdən sonra konsert başlandı. Konsertdə çıxış edən hər qalibin ifasının alqışlarla qarşılanması göstərdi ki, münsiflər heyəti sənət yarışına qatılanlar arasından ən istedadlılarını seçiblər. Uşaq və gənclərin vokal və estrada oxuma üzrə respublika müsabiqəsi qaliblərinin arasında bölgə məktəblilərinin də olması sevindirici haldır.
Konsertdən sonra qaliblər Mahnı Teatrının qarşısında, ölməz müğənni, Azərbaycan vokal və estrada musiqisini dünyada tanıtmış SSRİ Xalq artisti Rəşid Behbudovun heykəli önündə xatirə şəkli çəkdirdilər.
G.Mirməmməd