Aprelin 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində məşhur bakılı, dünya şöhrətli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin (1927-2007) anadan olmasının 90 illiyi münasibətilə xatirə tədbiri keçirildi.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq böyük musiqiçinin dünya mədəniyyətinə töhfələrindən, violonçel ifaçı kimi milyonlarla dinləyicinin ürəyini fəth etməsindən danışdı. Qeyd etdi ki, o həm də pedaqoq kimi istedadlı musiqiçilər nəsli yetişdirib, habelə çoxsaylı musiqi festivallarının keçirilməsinin təşəbbüskarı olub. Dünya şöhrətli sənətkarın musiqi ictimaiyyəti qarşısında xidmətləri ölçüyəgəlməzdir. M.Rostropoviç bir sıra dövlətlərin ali mükafatlarına, o cümlədən Azərbaycanın ali təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.
Muzeyin şöbə müdiri Xanım Abdinova maestronun həyat və yaradıcılığından söz açdı. Qeyd etdi ki, M.Rostropoviç Bakıda dünyaya göz açıb. Atası Leopold Rostropoviç dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dəvəti ilə Orenburqdan Bakıya gəlib, respublikamızda violonçel ifaçılarının yetişməsində böyük rol oynayıb. II Dünya müharibəsi illərində ailə yenidən Orenburqa, daha sonra Moskvaya köçür. M.Rostropoviç 1945-ci ildə Sovet İttifaqında ilk dəfə keçirilən gənc musiqiçilər birinciliyində qızıl medala layiq görülüb. Sonralar dünya miqyasında tanınan sənətkar uşaqlıq illərinin keçdiyi Bakıya daim xüsusi məhəbbət bəsləyib. O, müstəqillik dövründə dəfələrlə Azərbaycanda olub, ulu öndər Heydər Əliyevlə, respublikamızın bir çox mədəniyyət və incəsənət xadimləri ilə yaxından dostluq edib.
Çıxışlardan sonra görkəmli sənətkarın yaradıcılığı ilə bağlı video-slayd göstərildi. Sonra Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdi Aliyə Salmanovanın, Bakı Xoreoqrafiya Akademiyasının magistri, beynəlxalq müsabiqələr laureatı Səma Xəlilzadənin ifasında İ.Baxın “Prelüd-fuqa”, M.Rostropoviçin “Rondi”, Q.Qarayevin “Eskiz”, F.Əmirovun “Poema-monoloq” əsərləri səsləndirildi.
Savalan Fərəcov