Avstriyanın turizm sektorunda aparıcı jurnallardan olan “Travel4you” jurnalının növbəti nömrəsində Bakıya həsr olunan məqalə dərc edilib.
Jurnalın redaktoru Ursula Lanqın qələmə aldığı “Küləklər şəhəri” adlı məqalədə müəllif Bakının görməli yerlərinə dair təəssüratlarını oxucularla bölüşür.
Məqalədə şəhərin turizm potensialı və xarici qonaqlar üçün yaradılmış şərait barədə geniş məlumat verilir. “Bu gözəl ölkəni mədəni turda iştirak etmədən tərk etmək çox məyusedici olardı”, - deyə vurğulayan müəllif Bakı gəzintisi haqqında oxuculara ətraflı məlumat verir. “Odlar yurdu”nun qonaqlara təqdim etdiyi əsrarəngizliklərdən məmnun qaldığını qeyd edən U.Lanq qonaqlar üçün burada hər cür şəraitin mövcud olduğunu, istənilən vaxt bu şəhərdə insanın özünü əmin hiss etdiyini diqqətə çatdırıb.
Məqalənin sonunda bildirilir ki, gələcəyin regionu olan Azərbaycanı hər zaman səyahət və toplantılar məkanı kimi tövsiyə etmək mümkündür. İstər tətil olsun, istərsə də konfranslar - bir dəfə Azərbaycana səfər etdikdən sonra insan mütləq bir daha bu yerlərə geri qayıdır.