Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Koreya Respublikasının (Cənubi Koreya) Ulsan şəhəri merinin müavini Heo Eun-Vukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla Koreya Respublikası arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazim Səmədov turizm sahəsinin qeyri-neft sektoru kimi inkişaf etdirilməsi və ölkəyə gələn turistlərin sayının artırılması məqsədilə aparılan islahatlardan danışıb. Nazir müavini qonaqlara həmçinin turist səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə bir sıra ölkələrin (Körfəz ölkələri, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və s.) vətəndaşlarına 1 fevral 2016-cı il tarixindən etibarən Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə dair dövlət başçısının müvafiq sərəncamı barədə məlumat verib. Sözügedən sərəncam Azərbaycana gələn turistlərin sayının artımına töhfə verən amil kimi qiymətləndirilib.
Görüşdə ölkəmizdə turizmin təşviqi ilə bağlı görülən işlər, o cümlədən bu ilin 10 aprel - 10 may tarixlərində Bakıda ilk dəfə keçirilən Şopinq festivalı barədə də söhbət açılıb.
Ulsan şəhəri merinin müavini Heo Eun-Vukun Azərbaycanın Koreya vətəndaşları üçün yeni və cəlbedici turizm destinasiyası, Bakının isə müasirlik və qədimiliyin unikal vəhdəti olduğunu qeyd edib.
Qonaqlar Qobustan Milli tarix-bədii qoruğunu ziyarət etdiklərini bildirib, zəngin mədəni irsin dövlət tərəfindən qorunması istiqamətində Azərbaycanla təcrübə mübadiləsi aparılmasının əhəmiyyətini vurğulayıblar. N.Səmədov Azərbaycan tərəfinin belə bir təcrübə mübadiləsinə açıq olduğunu, Qobustan qoruğunun 2007-ci ildə Dünya irs siyahısına daxil olunduğunu diqqətə çatdırıb.