Aprelin 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun əsərlərindən ibarət konsert keçirilib.
"Mədəniyyət" telekanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi əsasında təşkil olunan konsertdə Fikrət Əmirovun "Gözün aydın" musiqili komediyasından rəqs, "Azərbaycan elləri", "Mən səni araram", "Sevdiyim yardır" mahnıları, "Azərbaycan" süitası, "Şeyx Sənan" tamaşasına yazdığı "Kor ərəbin mahnısı", "Kürd ovşarı" simfonik muğamından fraqment, "Sevil" operasından Sevilin və Balaşın ariyaları, "Böyük dayaq" filmindən Pərişanın mahnısı və "Min bir gecə" baletindən “Şəhrizadın şənliyi” səsləndirilib.
Gecədə Xalq artisti Samir Cəfərov, əməkdar artistlər İnarə Babayeva, Lalə Məmmədova, Anar Şuşalı, Ehtiram Hüseynov, Elnur Əhmədov, Gülnaz İsmayılova, Almaz Orucova çıxış ediblər. Solistləri Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.