Rumıniyanın Azərbaycandakı səfiri Dan İankunun xanımı, eyni zamanda səfirlikdə diplomatik işdə çalışan Mihaela İanku sosial şəbəkədə Bakı Şopinq Festivalı ilə bağlı məlumat paylaşaraq, rəfiqələrini alış-verişdə fəal iştirak etməyə çağırıb. “The one-month-long tax-free Shopping Festival has started in Baku! Girls, get ready” (“Bakıda bir ay davam edəcək, vergi güzəştləri olacaq Şopinq festivalı başladı. Xanımlar, hazırlaşın!”), deyə səfirin xanımı özünün Facebook səhifəsində yazıb.
   M.İanku bildirib ki, festivalı çox maraqlı bir təşəbbüs hesab edir. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə təşkil olunmasına rəğmən, festival çərçivəsində çoxlu sayda mədəni tədbirlərin, tarixi yerlərə səfərlərin təşkil olunması təqdirəlayiqdir. Diplomat xanım artıq bir neçə mağazada alış-veriş etdiyini, mal çeşidini və qiymətləri bəyəndiyini deyib.
   “Bu festival Azərbaycana öz mədəniyyətini, mətbəxini, gözəl adətlərini və qonaqpərvərliyini bütün dünyaya nümayiş etdirmək üçün yaxşı imkan yaradır”, - deyə xanım M.İanku bildirib.