Aprelin 13-də Daşkənddəki “Uzkurqazmasavdo” mərkəzi sərgi salonunda “İstirahət dünyası” V Beynəlxalq turizm sərgisi işə başlayıb. İki gün davam edəcək sərgidə Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edir.
   AMM-in direktoru Samir Abbasov bildirib ki, “Azərbaycan” stendində ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı nümayiş etdirilir, Mədəniyyət və Turizm Nazirliyindən turizmə dair göndərilən nəşrlər ziyarətçilərə təqdim olunur. Azərbaycan stendində bugünlərdə Bakıda keçirilən Şopinq festivalı haqqında Mədəniyyət mərkəzi tərəfindən hazırlanmış xüsusi bukletlər və bu mövzudakı videoçarx da nümayiş etdirilir.
   “İstirahət dünyası” beynəlxalq sərgisində Azərbaycandan Naftalan şəhərindəki “Çinar” və “Qaşaltı” hotelləri də iştirak edir.