Türkiyədə keçirilən I Beynəlxalq halal turizm konqresinə ölkəmiz də qatılıb
   
   Aprelin 7-dən 9-dək Türkiyədə I Beynəlxalq halal turizm konqresi keçirilib.
   Tədbirin keçirilməsində məqsəd halal turizm (İslam qayda və normaları) ilə istirahət istiqamətində araşdırma aparan alimləri, turizm mütəxəssisləri, potensial müştəriləri bir araya gətirmək, fikir və təcrübə mübadiləsi aparmaqdır. 
   Konqresdə halal turizm şəbəkəsinin yaradılması, təbliği, marketinqində ortaq iş birliyinin qurulması, yeni məhsulların təqdim olunması, məhsul və xidmətlərin daha yüksək səviyyədə təşkili kimi məsələlər gündəmdə olub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov iştirak edib. 
   Rəhman Səfərov “Azərbaycanda turizm sektoru: turizm təhsili və halal turizm məkanına bir baxış” adlı təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın turizm sektoru, turizm mərkəzləri və növləri, Azərbaycanda turizm təhsili barədə məlumat verilib.
   Həmçinin tədbirdə halal turizm qonaqlama, səyahət, rekreasiya və başqa turizm fəaliyyətlərindən yaranan ehtiyacların islam qayda və inanclarına uyğun şəkildə qarşılanması ilə əlaqədar fəaliyyətlər müzakirə olunub. Vurğulanıb ki, dünya turizm bazarı illik 8,3 % böyüdüyü halda halal turizm bazarı ortalama 4,8 % həcmində genişlənir. Bu turizm bazarı 2015-ci ildə 108 milyon turist və 145 milyard dollar təşkil edib. 2020-ci ildə bu rəqəmin 180 milyon turist və 200 milyard dollar həcminə yüksələcəyi gözlənilir.
   
   Fariz