Gərgin iş gününün sonunda bir çoxlarımız istirahət üçün tələsirik. Bakının sevilən konsert salonlarından olan Beynəlxalq Muğam Mərkəzi öz tamaşaçılarına hər zaman mədəni istirahət üçün fərqli proqramlar təqdim edir. 
   Aprelin 25-də Muğam Mərkəzində “Baku Brass” nəfəs alətləri ansamblının konserti də bu silsilədən idi. Ansamblın rəhbəri, Əməkdar artist Sirus Məmmədov qısa açıqlaması zamanı bildirdi ki, kollektiv 2005-ci ildə yaradılıb: “Hər zaman maraqlı və tamaşaçıların zövqünü oxşayacaq kompozisiyalarla onların görüşünə gəlməyə çalışırıq. Kollektivimiz 6 musiqiçidən ibarətdir: əməkdar artistlər Andrey Sabayev (valtorna), Rövşən Quliyev (truba), həmçinin Əli Hacıyev (truba), Kamal Tapdıqov (trombon) və Ucal Məmmədxan (zərb aləti). Çalışacağıq ki, bu gün konsertimizə təşrif buyuranlar çıxışımızdan razı qalsınlar”. 
   Konsert proqramı gözəl ifa və maraqlı təqdimatı ilə yadda qaldı. Belə ki, ansamblın üzvü Andrey Sabayev ifa ediləcək hər bir kompozisiya haqqında qısa məlumat verir, zal ilə birbaşa təmas quraraq səmimi bir atmosferin yaranmasına şərait yaradırdı. Səslənən ən məşhur xarici hitlər, müxtəlif filmlərdən saundtreklər böyük alqışlarla qarşılandı. 
   Gecənin solistləri isə Leyla İbrahimova, Mila Naumova və Vəli Budaqov idi. Solist və musiqiçilər ifa etdikləri nömrələrə bütün hiss və duyğularını sərf edirdilər. Tamaşaçılar isə bu əsrarəngiz gecədə, canlı musiqinin sədaları ilə unudulmaz anlar yaşadılar. 
   
   Lalə Azəri