Görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib 
   
   Mayın 1-də Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunan klassik musiqi gecəsi keçirilib.
   Səbail Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilən gecədə əvvəlcə Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında maestro Niyazinin “Rast” simfonik muğamı səslənib.
   Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyyətin bir çox sahələrinə, o cümlədən klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması istiqamətində görülən işlərdən bəhs edilib. Qeyd olunub ki, ümummilli liderin təşəbbüsü ilə klassik musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədilə Müslüm Maqomayev adına Azərbaycanda Dövlət Filarmoniyasında klassik musiqi gecələri təşkil edilib.
   Sonra Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Niyazinin, Soltan Hacıbəyovun, Asəf Zeynallının ölməz əsərləri respublikanın Xalq artisti Azər Zeynalovun, əməkdar artistlər Zemfira İsmayılovanın və İlham Nəzərovun ifalarında səsləndirilib.