Azərbaycan bəstəkarlıq məktəbinin istedadlı nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudovun adı musiqisevərlər arasında yaxşı tanınır. Ötən əsrin 70-ci illərindən müstəqil yaradıcılıq yoluna qədəm qoyan bəstəkar müxtəlif janrlarda əsərlər yazmışdır. O, üç simfoniya, “Qobustan” simfonik poeması, simli kvartet, “Gənclik” uvertürası, fortepiano üçün prelüdlər və sonatina, tar ilə simfonik orkestr üçün “Konsert”, “Çahargah” muğam simfoniyası və s. əsərlərin müəllifidir.
   Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqında Məmmədağa Umudovun yaradıcılıq gecəsi təşkil olunmuşdur.
   Tədbir bəstəkarın “Düşüncələr” adlı simli orkestr üçün simfoniyasının video-görüntüsü ilə başladı. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək M.Umudovun qurumun işində yaxından iştirakından və yaradıcılıq yolundan danışdı. Bu sətirlərin müəllifi də bəstəkarın yaradıcılığı haqqında söz açdı. 
   M.Umudovun yaradıcılığı Azərbaycan milli musiqisi ilə sıx bağlıdır. Azərbaycan xalq və şifahi ənənəvi professional musiqisinə xas olan cəhətlər onun yaradıcılığının elə ilk mərhələsində yaranan əsərlərdə təzahür tapmışdır. 
   Müəllifin “Gənclik” uvertürası (1980), "Xoreoqrafik simfoniya" (1983), fortepiano triosu (1987), Tar ilə simfonik orkestr üçün “Konsert” (1984) və digər əsərləri sənətkarlığı ilə seçilən nümunələrdir. Bəstəkarın solo violin üçün “Sonata” (1992) əsəri ilk dəfə 1994-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, professor S.Qəniyevin, “Düşüncələr” adlı simli orkestr üçün simfoniyası 2007-ci ildə Bəstəkarlar İttifaqının qurultayında Orqan və Kamera Musiqisi Zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tərəfindən Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə müvəffəqiyyətlə səslənmişdir. Sənətkarın “Qobustan” simfonik poeması (2012), violin və simfonik orkestr üçün “Konsert” (2014), “Balet süitası” (2014), “Konsert” (2015) pyesi və s. əsərləri də yaradıcılığının çoxşaxəliliyindən xəbər verir. 
   “Tar ilə simfonik orkestr üçün konsert”də tarın bədii-texniki imkanlarını simfonik orkestrin ifadə vasitələri ilə birləşdirən bəstəkar bu alətə xas olan üslublara gözəl bələd olduğunu nümayiş etdirmişdir. Özündən əvvəlki və onunla paralel surətdə yaranan konsertlərin heç birini təkrarlamayan bu əsərdə xalq musiqisinə, muğamlara həssaslıqla yanaşma özünü büruzə verir. Görkəmli tarzən Ramiz Quliyevə ithaf olunan əsər ilk dəfə 1985-ci ildə Bəstəkarlar İttifaqının VI qurultayında tarzənin öz ifasında səslənmişdir.
   Müəllimlik də bəstəkarlıq kimi M.Umudovun həyatının bir parçası, uzun illər boyu əmək qoyduğu sevimli fəaliyyət sahəsidir. O, təcrübəli, tədris prosesinin bütün incəliklərinə fikir verən, tələbkar, həm də xoşxasiyyətli bir müəllimdir. Bir çox yetirmələri respublikanın müxtəlif musiqi müəssisələrində çalışaraq musiqi mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər. O, 2005-ci ildən bu günə kimi Azərbaycan Milli Konservatoriyasında professor kimi alətşünaslıq fənnindən dərs deyir, eyniadlı dərslik və metodik vəsaitin müəllifidir. 
   Milli Konservatoriyanın professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbaqsulu Nəcəfzadə çıxışında dərsliyin əhəmiyyətindən bəhs etdi. Qeyd edildi ki, “Alətşünaslıq” dərsliyi əsasən Azərbaycan xalq çalğı və simfonik orkestr alətlərinin ali musiqi məktəblərində öyrənilməsi üçün nəzərdə tutulsa da, özündə geniş bilgilər əks etdirdiyinə görə, orta ixtisas musiqi məktəblərində, musiqi kolleclərində, hətta orta məktəblərdə də istifadə oluna bilər.
   Bəstəkar M.Umudovun yaradıcılıq gecəsində ifa olunan əsərlər və təqdim olunan kitablar onun yaradıcılığının genişliyindən xəbər verir. Yaradıcılığının kamillik dövrünü yaşayan bəstəkar yüksək peşəkarlıq prinsiplərinə sadiq qalaraq milli musiqi mədəniyyətimizin tərəqqisi naminə yorulmadan çalışır. Əminik ki, o, hələ neçə-neçə gözəl əsərlər meydana gətirəcək, Azərbaycan musiqisinin pərəstişkarlarını sevindirəcəkdir. 
   
   Jalə Qulamova
   Azərbaycan Milli Konservatoriyasının elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent