Tanınmış aktrisa, teatr və televiziya tamaşalarında fərqli rolların ifaçısı olmuş Məhbubə Məlikova orta və yaşlı nəslin yaddaşında daha çox xatırlanır. Səhnədə bir çox xarakterik obrazlar yaratsa da, C.Cabbarlının “Sevil”indəki Gülüş obrazı ona daha böyük məşhurluq gətirib. 90-cı illərdə aktrisa qəfil sənətdən gedəndə səhnə də, tamaşaçılar da onu itirdi. Maraqlıdır ki, uzun illər mediadan uzaq dayanan, müsahibələr verməyən Məhbubə Məlikova məhz media sahəsində, TRT Radiosunun Azərbaycan bölməsində çalışır. Onunla söhbətimizdə ilk sualımız da bu barədə oldu.
- Məhbubə xanım, necə oldu ki, Türkiyəyə gəldiniz?
- Hər insanın həyatında bir boşluq olur. Hissə qapılırsan, bəzən uzaqlaşmaq istəyirsən. Bəzən qismət deyirlər, bəxtin də səninlə gedir. Təsadüflər elə gətirdi ki, mən də buraya gəldim. 1993-cü ildə bacım oğlu Türkiyədə oxuyurdu, onun yanına gəldim. Ondan sonra mənim sənət dostlarım, çevrəm, Azərbaycanın bir aktrisası kimi məni tanıyanlar, yazıçı dostlarım məni yığıncaqlara dəvət etdilər. Ən yaddaqalan məqamlardan biri Alparslan Türkeşlə tanış olmağım oldu. Milliyyətçi Hərəkat Partiyasının gecəsində iştirak etdim. Rica etdilər, sevdiyim şeirlərdən oxudum onlar üçün. Burada qalmağımı məsləhət gördülər. Özüm də o vaxt həyatımdakı boşluqdan uzaqlaşmaq istədim. Ondan sonra çevrə böyüdü, burada dostlarımın sayı artdı, Allah hər kəsdən razı olsun. Həyatımda yeni pərdəni açdım və elə burada da sənətimə davam etdim. 1994-cü ildən bəri Ankarada TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan bölməsində aparıcı və tərcüməçi vəzifəsində çalışıram. “Türkiyənin səsi” radiosunun 37 dildə canlı yayımı var, onların biri də Azərbaycan dilində yayımdır. Fəxr edirəm ki, bütün fəaliyyətim boyu Azərbaycana xidmət etmişəm və edirəm.
- Bəs bu gəliş nəyi dəyişdi həyatınızda? Nələri itirdiniz, nələri qazandınız?
- İnsanın duyğuları, keçmişi - bunları düşünəndə bəzilərini xatırlamaq istəmirsən. Bəzən uşaq kimi bir şeydən küsürsən, sonra peşman olursan. Sonrakı peşmançılıq fayda vermir. Elə şeylər qazandım ki... Birincisi, qürbətin nə olduğunu bildim. Həyatın mənasını darda qaldığın zaman anlayırsan. O qədər tək qaldığımız vaxtlar olub. Çətin günlərimiz də olub, gözəl günlərimiz də. Amma ən çox qazandığım nə idi? Sabah gözünü azanla açırsan ha, azanın səsini eşidəndə insan deyir: “Allahım, qurban olduğum, bax, mən buradayam, sənə yaxınam, sən məni eşidirsən”. Bundan gözəl nə ola bilər?
Oxuyub üstündən keçdiyim şairlər, yazıçılar var idi. Bura gəldikdən sonra onları dərindən dərk etdim. Burada Türkiyə torpağının yetirdiyi söz ustadı Mehmet Akif Ersoyun poeziya zirvəsini gördüm. “Çanaqqala şəhidlərinə” şeiri mənim canıma, qanıma, iliyimə işlədi. Buna can dayanmaz. Onun poetik zirvəsi islamiyyətlə söz sənətini bir-birinə sintez edib.
- Özünəməxsus ifa tərzi ilə tanınan bir aktrisa olmusunuz. Orta və yaşlı nəsil insanlar sizi yaxşı tanıyır. Bugünkü gənclərə özünüzü necə tanıdardınız?
- Azərbaycan teatrı elə böyük aktyorlar yetişdirib ki. Düzdür, mən onların çoxu ilə bir səhnədə olmamışam, amma Hökümə Qurbanova, Hamlet Xanızadə, Məmmədrza Şeyxzamanav, Nəcibə Məlikova kimi aktyor və aktrisalarla bir səhnədə olmaq, onlarla birlikdə nəfəs almaq, onların məktəbini keçmək mənə çox böyük təcrübə qazandırdı. Mən səhnəyə qədəm basanda teatrımızın 100 yaşı var idi. “Vaqif” tamaşasında M.Şeyxzamanov Qacarı, mən gürcü qızı Tamaranı oynayırdıq. Səməndər Rzayev, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli kimi nəhəng aktyorlarımızla səhnəyə çıxmışam. Bunların hər biri mənim üçün gözəl xatirədir. “Mahnı dağlarda qaldı” tamaşasında Əliabbas Qədirovla, “Unuda bilmirəm”də Həsən Turabovla oynamışam. Teatrımız, sözün əsl mənasında, Akademik Milli Dram Teatrı idi, yetkin aktyorlardan ibarət idi.
- Səhnədə ilk addımlarınızı, ilk rollarınızı necə xatırlayırsınız?
- Səhnəyə ilk addımlarım universiteti bitirdikdən sonra olub. Rejissor Tofiq Kazımov məni Aleksandr Vampilovun “Övlad” tamaşasına dəvət etdi. Bu zaman bizim gözəl sənətkarımız Amaliya Pənahova bir il səhnədən uzaqlaşmışdı. Odur ki, “Övlad” tamaşasının məşqləri gedə-gedə İlyas Əfəndiyevin “Unuda bilmirəm”, “Mahnı dağlarda qaldı” tamaşalarında oynamalı oldum. Teatr məni elə qəbul etdi ki, sanki çoxdan bir aktrisasını gözləyirdi. Düzdür, bu sözlər bəlkə də qeyri-təvazökar səslənir, amma mən təəssüratlarımı bölüşürəm.
- Tamaşaçılar sizi daha çox Gülüş obrazı ilə xatırlayır. “Sevil” tamaşasında sizi izləyənlərin qulaq yaddaşında səsiniz yəqin indi də yaşayır...
- “Sevil” tamaşasında nəhəng aktyorlarla səhnədə idim. Bir gün Ağasadıq Gəraybəyli mənə dedi ki: “Məhbubə xanım, mən çox Gülüş görmüşəm. İnan ki, sənin kimi Gülüş ifa edən aktrisa görməmişəm”. Bu sözlər mənimçün bir fəxr idi. Mən özüm Hökümə Qurbanovanın aşiqi idim. Məktəb illərindən onu dinləyirdim. O qədər vurğun idim ki ona. Azərbaycan teatrı böyük aktrisalar yetişdirib, amma Hökümə Qurbanova kimi aktrisa, elə bir sənətkar, mənim zənnimcə, dünyaya gəlməyəcək. Onun Şekspirin əsərlərində oynadığı rolları, Kleopatrası o qədər valehedici idi ki. O aktrisaya sevgi məni səhnəyə gətirdi.
Filmdə çəkiləndə başqası səni səsləndirə, dublyaj edə bilər. Amma teatr sənəti səsilə tamaşaçını ovsunlayır. Səsin gözəlliyi səndə olmasa, sən tamaşaçını, dinləyicini cəlb edə bilməsən, fikri və istədiyini o sözə, o səsə verə bilməsən, o effekt alınmaz. Sənətə özünü bütün varlığınla, ruhunla verməlisən ki, o zaman sənət yaransın, həyatın sirrini, sözünü çözəsən.
Hazırda çalışdığım “Türkiyənin səsi” radiosunun Azərbaycan bölümü illərdir mənim sənət dünyamdır. İndi burada özüm haqqında danışmaq mənə qismət oldu. Mən ilk olaraq teatr - o müqəddəs məbəd haqqında danışmaq istəyirəm. Çünki o teatrdan gəlmişəm: burada fərq etmir, pərdələr açılırmı, işıqlar yanırmı. Mən yenə sənət sevdamı burada davam etdirirəm.
Mehparə Sultanova
Ankara