Mayın 3-də Azərbaycan Milli Konservatoriyasında beynəlxalq və respublika müsabiqələri laureatı, tarzən İbrahim Babayevin “Musiqili səyahət” adlı solo konserti keçirilib.
Konsertdən əvvəl Əməkdar artist Ələkbər Ələkbərov, konservatoriyanın dosenti Səbuhi Cəfərov, konsertin ideya müəllifi və aparıcı konsertmeysteri Svetlana Əhmədova çıxış edərək gənc tarzəni təbrik edib, yaradıcılıq uğurları arzulayıblar.
Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiya səsləndirilib.
Qeyd edək ki, İbrahim Babayev “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi ifaçılıq müsabiqələrində üzə çıxan istedadlardan biridir. Bu gənclər ölkəmizi xaricdə də layiqincə təmsil edirlər. İ.Babayev ötən il Daşkənddə keçirilmiş “Ana yurdun ahəngləri” xalq çalğı alətləri ifaçılarının beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb. Bu il isə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatı ilə təltif olunub.