Rza Diqqəti: “Azərbaycan güllü çəmənlikdir, qonaqlarımız - bal arısı”
   
   Dünya şöhrətli fotojurnalist soydaşımız Rza Diqqəti ilə hər görüş xoşdur. İllərdir ki, əlamətdar günlərdə, beynəlxalq miqyaslı tədbirlərdə onunla rastlaşdıqda ən yaxın dostumuz kimi görüşürük. Bu dəfə də - IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu günlərində də Rza bəylə qarşılaşdıqda onunla ayaqüstü söhbət etmək fürsətini ötürmədik. 
   
   - Rza bəy, nə yaxşı ki, belə beynəlxalq tədbirlər var. Sizi görürük...
   - Düzdür, həmişə çatdırmıram, amma imkan olduqca Bakıya gəlirəm. 
   - Bilirik ki, uzun illərdir fəaliyyətinizlə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdasınız... 
   - Biz də yox, bəs kim? Bu vətənin dərdini, həqiqətini dünyaya çatdırmaq bizim - xaricdə yaşayan azərbaycanlıların borcudur. Hələ sovet dövründən Azərbaycanı təbliğ etməyə başlamışam. Qarabağ savaşı başlayandan bəri də bu işlə məşğulam. Son 20-30 ildə hamılıqla apardığımız təbliğatın nəticəsində dünya Azərbaycanı tanımağa başlayıb. Amma hələ də iş çoxdur. Ən böyük xidmətimiz öz mədəniyyətimizi, tariximizi dünyaya çatdırmaq olmalıdır. Ölkələr bir-birini mədəniyyət sayəsində tanıyır. Bilirsiniz, bizə maraqlı olan müasirlik, məsələn, yeni memarlıq üslubunda tikililər artıq yüz ildir ki, Avropada, Amerikada tikilir. Onları yeniliklərlə təəccübləndirmək mümkün deyil. Müasirlikdən qədimliyə keçməklə özümüzü tanıdıb sevdirə bilərik. 
   - Belə beynəlxalq miqyaslı məclislərin Azərbaycanı tanıtmaqda rolunu necə dəyərləndirirsiniz? Ona görə soruşuram ki, kənardan baxanda hər şey daha fərqli görünür...
   - Əsas odur ki, Bakıya, bu foruma, digər mötəbər tədbirlərə gələn hər kəs Azərbaycana bələd olur, ölkəmizin nə istədiyini dərk edir və öz məmləkətinə qayıtdıqdan sonra da burada gördüklərini təbliğ edəcək. Sanki qonaqlarımız bir bal arısıdır, Azərbaycan da güllü çəmənlik. Burada çəkdikləri şirəni öz ölkələrində bala çevirirlər... 
   - Maraqlı müqayisədir... 
   - Dekabr ayında Mali Respublikasına getmişdim... Bilirsiniz ki, mən humanitar sahədə də çalışıram. Malidəki qaçqın uşaqlarına hədiyyə olaraq fotoaparat, kamera aparmışdım. Elə Parisdə fikirləşmişdim ki, birdən məni Malidə hökumət rəsmilərindən kimsə görmək istəyər, əliboş getməyim; Azərbaycan haqqındakı albom-kitabı özümlə götürdüm. Malidə mənə dedilər ki, ölkənin birinci xanımı sizinlə maraqlanır. Xanım Keita Amenata Maiqaya kitabı təqdim edəndə təəccübləndi: demə, Azərbaycanın harada yerləşdiyini bilmirmiş. Dünən burada rastlaşanda isə xanım Maiqa özü mənə yaxınlaşdı ki, mənim ilk tanıdığım azərbaycanlı sizsiniz! Deməyim odur ki, kimsə deməsin ki, mən təkbaşına Azərbaycan üçün neyləyə bilərəm? Hamımız nələrisə bacarırıq. 
   - Rza bəy, sizin Azərbaycan naminə gördüyünüz işlər hamımıza məlumdur. Hazırda nə ilə məşğulsunuz? Hansı layihələri həyata keçirirsiniz... 
   - Hazırda ən böyük məqsədim Qarabağ məsələsinə dair bütün həqiqətləri, indiyədək çəkdiyim şəkilləri internet, sosial media ilə dünyaya yaymaqdır. Bir də ki, son üç ilim demək olar ki, İraqda keçir: bu saat dünyanın ən qaynar xəbərləri İraqdan, Suriyadan qaynaqlanır... 
   - Allah sizi qorusun! 
   - İndiyədək müharibə meydanlarında azı yüz dəfə ölüb-dirilmişəm... Bəzən də düşünmüşəm ki, son dəqiqələri yaşayıram, amma sağ qalmışam. Dünyada qazanılan pulun 30 faizi müharibələrə sərf edilir. Halbuki, bu vəsaiti uşaqlara, sağlamlığa xərcləmək olar. Mən insanları yaxşılığa yönləndirmək üçün müharibə səhnələrini çəkirəm. Özüm də inanıram ki, bir gün bütün müharibələrə son qoyulacaq. 
   
   Gülcahan Mirməmməd