Mayın 10-da Azərbaycan Milli Konservatoriyasında (AMK) müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova müstəqilliyimizin möhkəmləndirilməsində Heydər Əliyevin müstəsna rolundan, habelə dahi siyasətçinin musiqi mədəniyyətinin inkişafına dəstəyindən, musiqiyə olan böyük sevgisindən danışıb.
Tədbirdə Heydər Əliyevin çıxışları əsasında hazırlanmış videoçarxlar izlənilib, AMK-nın gənc ifaçıları musiqi proqramı təqdim ediblər.
* * *
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına 2 nömrəli Musiqi məktəbində ümummilli liderin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçirilib.
Konsert məktəbin xalq çalğı alətləri orkestrinin ifası ilə başlayıb. Daha sonra şagirdlərin ifasında T.Quliyevin “Vals”, R.Babayevin “Sevimli gözlər”, A.Məlikovun “Prelüdiya №3”, S.Fərəcovun “Rondoletto”, Y.Vesnyakın “Karlson” və başqa əsərlər, Azərbaycan xalq rəqsləri təqdim olunub.
* * *
Ukraynanın paytaxtı Kiyevdə isə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş simfonik konsert təşkil edilib. Ukrayna Milli Filarmoniyasının böyük konsert salonunda keçirilən tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edib.
Rəsmi hissədən sonra Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu və Ukrayna Milli Akademik Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Orkestrin müşayiəti ilə Xalq artisti Fərhad Bədəlbəylinin pianoda ifa etdiyi “Azərbaycan kapriççiosu”, “Ərəb mövzusunda fortepiano üçün konsert” və digər əsərlər ukraynalı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə mayın 12-də Kiyevdəki Heydər Əliyev adına parkda etno-caz festivalı keçiriləcək.