Mayın 9-da Ukraynanın paytaxtı Kiyevdə “Eurovision 2017” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Azərbaycanın müsabiqədəki təmsilçisi Diana Hacıyeva (Dihaj) uğurla çıxış edərək finala çıxan ilk 10 ifaçı sırasına adını yazdırıb.
Təmsilçimiz İsa Məlikovun və Sandra Byormanın müəllifi olduqları “Skeletons” (“Skeletlər”) mahnısını ifa edib. Azərbaycanlı ifaçı geyimindən səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib. Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Dihaj “Eurovision 2017” yarışmasının favoritlərindən hesab olunur.
Jurnalistlər və bu müsabiqəni izləmək üçün Avropanın müxtəlif ölkələrindən gəlmiş fanatlar da təmsilçimizin finalda şansını yüksək qiymətləndirirlər.
Bakı Musiqi Akademiyasını bitirən Diana Hacıyeva təhsilini London Müasir Musiqi Performansı İnstitutunda davam etdirərək pop formatında musiqilərin, həmçinin soul, ballada janrlarında mahnıların mahir ifaçısıdır.
O, Amsterdam, Vilnüs və digər şəhərlərdə keçirilən yarışlarda ölkəmizi layiqincə təmsil edib, mükafatlara layiq görülüb.
Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 11-də keçirilib və daha 10 ölkə təmsilçisi finala vəsiqə qazanıb. Ev sahibi Ukrayna, eləcə də Almaniya, Fransa, Britaniya, İspaniya və İtaliya beşliyi birbaşa finalda təmsil olunacaq. Müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.