Bülbülün xatirə muzeyində yubiley tədbiri
Mayın 16-da Azərbaycan vokal sənətinin banisi Bülbülün xatirə muzeyində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Georgi Şaroyev adına 35 saylı Uşaq musiqi məktəbi böyük sənətkarın 120 illik yubileyi münasibətilə tədbir keçirdi.
Tədbiri muzeyin direktoru Fərqanə Cabbarova açaraq bildirdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının bu günlərdə vokal sənətimizin banisi Bülbülün 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalaması bunun bariz nümunəsidir.
G.Şaroyev adına 35 saylı Uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim Yusif Vəliyev çıxışında görkəmli sənətkarın Azərbaycan musiqi sənətinə verdiyi misilsiz töhfələrdən söz açdı. Qeyd etdi ki, çox gənc yaşlarından məlahətli səsi və zəngulələrinə görə xalq tərəfindən “Bülbül” adı verilmiş korifey vokalçı bənzərsiz səsi, özünəməxsus ifa tərzi ilə Azərbaycan xalqının sevimlisi olub. Onun xatirəsi qəlblərdə daim yaşayır.
Məktəbin müəllimi Həqiqət Hüseynova sənətkarın ömür yolundan danışdı. Bildirdi ki, Bülbül - Murtuza Məşədi Rza oğlu Məmmədov 1897-ci ildə Şuşada anadan olub. İfaçılıq sənətinin əsaslarını ilk olaraq doğma şəhərində öyrənib. Onun teatr səhnəsində ilk addımı Məşədi Cəmil Əmirovun 1916-cı ildə Gəncədə tamaşaya qoyduğu “Seyfəlmülk” operası ilə bağlıdır. 1924-cü ildən Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1931-ci ildə Milan Konservatoriyasını bitirib.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov görkəmli sənətkarın xalq mahnılarını, eləcə də təsnifləri böyük sənətkarlıqla ifa etdiyini bildirdi. Qeyd etdi ki, Bülbülün Azərbaycan bəstəkarlarının kamera-vokal əsərlərinin populyarlaşmasında əməyi əvəzsizdir. O, Asəf Zeynallının “Ölkəm”, Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romanslarının ilk ifaçısı olub.
Çıxışlardan sonra musiqi məktəbinin şagirdləri Sübhan Rüstəmov, Ayda Babayeva, Fidan Tağıyeva və Rəhimə Əhmədovanın ifasında Ü.Hacıbəylinin “Sevgili canan”, “Yaxşı yol”, “Cəng”, T.Quliyevin “Zibeydə”, “Qaytağı”, F.Əmirovun “Variasiyalar” əsərləri səsləndirildi.
Savalan Fərəcov