Martın 12-də Əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın doğum günüdür. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olan rəssam xanım 1971-ci ildən 1987-ci ilədək “Azərbaycanfilm” kinostudiyasında çalışıb.
İlk dəfə “Ömrün səhifələri” kinoalmanaxındakı “Nəğmə dərsi” filminə, “Yol ayrıcında” novellalarına verdiyi tərtibat rəsmləri tamaşaçıların diqqətini cəlb edib. Bu rəsmlərdə o, xarakterik məkan quruluşları və çəkiliş vəziyyətləri üçün maraqlı eskizlər leytmotivi verə bilib. 1985-ci ildə rejissor Oqtay Mirqasımov “Ədəbiyyat və incəsənət” qəzetinə müsahibəsində onun sənət üslubundan bəhs edərkən demişdi ki, F.Qurbanova ssenaridən irəli gələn konkretliyi, fikir aydınlığını çox tez duyur: “Sintetik sənət olan kino rəssamdan rejissor, operator işini, eləcə də musiqini dərindən öyrənməyi, eskiz və quruluşlarında bu komponentləri birləşdirməyi bacarmağı tələb edir. F.Qurbanova bu işin öhdəsindən bacarıqla gəlir”.
“Alma almaya bənzər” (1976, rejissor A.Babayev) filmindəki məkan anlayışları, kadrların cərəyan etdiyi yerlərin rəng, kolorit bağlılığı rejissordan, eyni zamanda rəssamdan da böyük məsuliyyət tələb edirdi. “Bazar” səhnəsinin və başqa məkanların düzgün seçilməsi bir növ aktyorun, müəllif fikrinin aydınlaşmasına yaxından kömək edir. Filmdəki geyimlər, insanların yaşadıqları mühit, onları əhatə edən təbiət təsvirləri bir-birinə uyğundur. Rəssam filmdə baş verən hadisələri, insanların mənəvi gözəlliyini, qəbahətlərini məkan təsvirlərilə birləşdirib, rejissor fikri çərçivəsində öz sözünü deyə bilib. Eyni müsbət fikirləri F.Qurbanovanın quruluşçu rəssamı olduğu “Xatirələr sahili”, “Şir evdən getdi”, “Anlamaq istəyirəm”, “Gümüşü furqon” və s. filmlər barədə də demək olar.
Firəngiz xanım həm də gözəl cizgi filmləri müəllifidir. Burada rəssam işi daha ön planda dayanır, ardıcıl təsvir xarakteri alır. “Arzu yarat” (1978) cizgi filmindəki işi o dövr üçün eksperiment sayılırdı. Burada rəsm və kukla oyunu elə rəssam fikrinin qabarıqlığı, əsas rol oynaması ilə bir-birinə qovuşub.
F.Qurbanovanın 1983-cü ildə ərsəyə gətirdiyi “Akvarium” cizgi filmi həm ideya-bədii dəyərinə, həm də rənglərin seçilməsinə görə tamaşaçıda maraq yaradır. Film 1984-cü ildə Kiyevdə keçirilən festivalda nümayiş olunmuşdu. Cizgi filmləri üzrə Vilnüsdə keçirilən plenumda məşhur rejissor F.Xitryuk “Akvarium” filmini xüsusi vurğulayaraq göstərmişdi ki, film öz ideya-bədii dəyərinə, rəssam işinə görə qiymətlidir. Rəssamın cizgi filmləri Alma-Atada (1986) münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb, Tbilisi (1987), “Krakov-88”, İspaniyanın Bilbao festivallarında diplomlar alıb.
Firəngiz xanım deyir ki, bədii filmlərin, böyükhəcmli əsərlərin çətinlikləri olduğu kimi, cizgi filmlərinin də öz çətinlikləri var. Cizgi filmlərində hər şeyi rəng deyir. Rənglər ağlamağı, sevinməyi, gülməyi də öyrədir. Cizgi filmində rəssam daha sərbəstdir. Burada o, öz fantaziyası ilə hadisəni canlandırır, özünü tapır.
1989-cu ildə F.Qurbanova Ümumittifaq miqyaslı “Birlik” müstəqil kinostudiyasını yaradıb. 1992-ci ilədək burada Moskva Mərkəzi Televiziyasının sifarişi ilə bir neçə cizgi filmi çəkilir. 2007-ci ildən etibarən isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 3 cizgi filmi ərsəyə gətirilir. Hazırda Gülşən Tofiqqızının ssenarisi əsasında “Müzür” cizgi filminin tamamlama işləri gedir. Onun apreldə təqdim olunması nəzərdə tutulub.
1991-ci ildə həmin kinostudiyada “Azərbaycan tarixi” bədii-publisistik filmi (1 saat 50 dəqiqəlik) də çəkilib. Sonralar rus, ingilis dillərinə tərcümə olunmuş bu ekran əsərində ölkəmizin tarixi ən qədim dövrdən müstəqilliyədək - 20 Yanvar hadisələri də daxil olmaqla böyük bir dövrü əhatə edir. Firəngiz xanımın prodüseri olduğu, kiçik yaradıcı qrupla ərsəyə gətirdiyi “Azərbaycan tarixi” bədii-publisistik filmi 1992-ci ildə respublikamızın Moskvadakı səfirliyində ictimaiyyət qarşısında nümayiş etdirilərək ölkəmiz haqqında əsl həqiqətləri insanlara çatdırdı. Film dəfələrlə Azərbaycan Televiziyasında göstərilməklə yanaşı, XİN tərəfindən Qarabağ problemi ətrafında danışıqlar aparılarkən əyani vasitə kimi nümayiş olunub.
1996-cı ildə F.Qurbanovanın rəhbərlik etdiyi “Birlik” müstəqil kinostudiyasında daha iki uğurlu sənədli film lentə alınır. Bunlardan biri ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə çəkilmiş “Zaman və şəxsiyyət” filmi idi. İkinci film isə həmyerlimiz, böyük maestro Mstislav Rostropoviçin Bakıya səfərinə həsr edilmişdi. Burada həmyerlimizin Bərdəyə getməsi, məcburi köçkünlərlə görüşü, ustad dərslər aparması, doğulduğu ev və s. göstərilirdi.
F.Qurbanova respublikamızda keçirilən bütün sərgilərdə öz qrafika əsərləri ilə də çıxış edir. O, bəzən bədii kitablara tərtibat da verir. X.Əlibəylinin “Bir gölün sahilində” (1979), “Bayatılar” (1980) kitablarının illüstrasiya rəsmlərı, “Azərbaycan nağılları” (açıqca) toplusunun da hazırlanması ona aiddir. Azərbaycan Rəssamlar və Kinematoqrafçılar İttifaqlarının, Beynəlxalq Animasiya filmləri Assosiasiyasının üzvü olan Firəngiz xanım 1986-cı ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Neçə illərdir Rəssamlıq Akademiyasında baş müəllim kimi çalışan Firəngiz xanım görkəmli sənətkar, Xalq artisti Ağadadaş Qurbanovun qızıdır. Bacısı Gülşən Qurbanova tanınmış aktrisa idi. Mərhum həyat yoldaşı Fikrət Əhədov da sənət adamı, rəssam idi. Onların oğlu Cavid, gəlinləri Zema da rəssamdır. İnanırıq ki, bu gənclər sənətdə ailə ənənələrini davam etdirərək ona öz töhfələrini verəcəklər. Firəngiz xanım deyir ki, rəssam üçün yaşın fərqi yoxdur, təki sənət eşqi, yaratmaq eşqi çağlasın, tükənməsin.
Biz də Firəngiz xanımı doğum günü münasibətilə təbrik edib ona cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
İradə Əsədova