Kino tariximizdən
Milli kinomuzun tarixi ilə əlaqədar “Mədəniyyət” qəzetində dərc edilmiş “Bakı kinostudiyasında baş verənlər” adlı məqalədə (qəzetin 26 yanvar 2011-ci il tarixli sayı - red.) 1939-cu ildə Bakı kinostudiyasında vəziyyətlə tanış olmaq üçün Moskvadan gəlmiş nümayəndənin burada qoyub getdiyi sənəddən söz açmışdıq. Həmin sənəddə Bakı kinostudiyasına rəhbərlik edən Əsriyevin (Əsriyanın) yarıtmaz fəaliyyətindən bəhs olunurdu. Sənəddə bildirilirdi ki, “Bakı kinostudiyası mövcud olduğu illər ərzində bircə dənə də olsun görkəmli kinofilm istehsal etməmişdir”.
SSRİ XKS yanında Kinematoqrafiya İşləri üzrə Komitənin böyük redaktoru Mitriçin bu sənəddə daha nələrdən söz açırdı?
Azərb. K (b) P MK katibi Yaqubova ünvanlanmış sənəddə deyilir: “Sizin xahişinizlə əlaqədar Bakı kinostudiyasının ssenari şöbəsinin işi və göstərilən studiyanın işinin yaxşılaşdırılması üzrə tədbirlər haqqında öz mülahizələrimi şərh edirəm.
Bakı kinostudiyası son vaxtlara kimi sovet kinematoqrafiyasında axırıncı yerlərdən birini tutmuşdur: kinostudiyanın bir yaradıcı işçisi belə sovet kinematoqrafiyasının sənətkarları sırasında irəli çəkilməmişdir.
Əvvəllər ssenari şöbəsi studiyanı lazımi keyfiyyətli ssenarilərlə təmin etmirdi. Ssenarilərin əksəriyyəti dramaturji baxımdan zəif idi, həm də prinsipial problem mövzulara toxunmurdu. Bundan başqa, ssenarilərin yazılma müddəti uzandığı üçün yaradıcı işçilər (rejissorlar, operatorlar və b.) işsiz qalırdı. Ssenarilərin hazırlanmasından ötrü iri məbləğdə vəsait xərclənirdi. Lakin bunun üçün zəif müəlliflər işə cəlb olunurdu. Beləliklə, yaradıcı qruplar işsiz qalır, ssenarilər guya yazılır, faktiki olaraq studiya məhsul vermirdi.
Son vaxtlar Bakı kinostudiyasının ssenari portfelinin vəziyyəti bir qədər yaxşılaşmışdır. Bu, studiya rəhbərliyi dəyişdiriləndən sonra olmuşdur. Hazırda istehsalda dörd film vardır: “Dərinlik” - müəllif İmran Qasımovdur. Bu ssenari Kinematoqrafiya İşləri üzrə Komitə tərəfindən il yarım bundan əvvəl qəbul olunmuş və yüksək bədii keyfiyyətinə görə deyil, studiyanı daimi boş dayanmadan qurtarmaq məqsədilə istehsala buraxılmışdır. Hazırda Azərbaycan yazıçıları və studiyanın yaradıcı işçiləri bu ssenariyə ehtiyatla yanaşırlar. Bu təhlükə əsasız deyil. Çünki ssenari həqqiqətən bir qədər sxematikdir.
Ikinci ssenari - “Dənizçinin qızı” azərbaycanlı yazıçı tərəfindən yazılmayıb. Bu, dramaturji cəhətdən yaxşı ssenaridir. Lakin mövzusuna görə hər hansı bir mürəkkəb problemə toxunmur. Bu, sadəcə olaraq “həyatı əks etdirən” əyləncəli filmdir.
“Üçüncü ssenari - “Ayna” Ənvər Məmmədxanlınındır. Milli koloritli orijinal əsərdir . Lakin ssenari dramaturgiya və süjet quruluşu baxımından zəifdir. Bununla belə əvvəlki uğurlarından vəcdə gəlmiş ssenari müəllifi öz işinə tamamilə tənqidi yanaşmır. Belə vəziyyət isə ssenarinin keyfiyyətinə görə narahatçılıq yaradır.
Studiya rəhbərliyi bu ssenarinin istehsalı məsələsinə ciddi yanaşmamışdır. Əgər ssenari yenidən işlənsəydi maraq doğura bilərdi. Rəhbərlik ssenariyə quruluş verməyi tamamilə təcrübəsiz rejissorlara tapşırmışdır. Gənc rejissorların işinin uğurunu təmin edən kollektiv yaratmaq əvəzinə studiya elə yaradıcı kollektiv komplektləşdirmişdir ki, quruluşun baş tutmayacağını əvvəlcədən görmək çətin deyildi.
Rejissor Çiaureli “Ayna”nın bədii rəhbərliyini öz üzərinə götürsə də, yaradıcı kollektiv yüksək ixtisaslı yaradıcı kadrlarla möhkəmləndirilməli idi.
Dördüncü ssenari - “Vur, toxmaq” İmran Qasımovundur. Hazırda hazırlıq mərhələsi başa çatmaq üzrədir. Bu xalq nağılına quruluş vermək üçün rejissor Yekimovski cəlb olunmuşdur. Yekimovski bir istehsalçı kimi mənə məlum deyil. Rejissor bu yaxınlarda xaricdən gəlmişdir. Sənədlər üzrə norveçlidir. Lakin söhbət zamanı alman olduğunu bildirdi. Azərbaycan folklorundan tamamilə xəbəri olmayan bu adam özündə cəsarət tapıb İ.Qasımovun ssenarisinin əsasını təşkil edən xalq nağılını təsəvvür etdiyi kimi çəkəcəyini söyləmişdir.
1939-cu ilin istehsalı üçün studiya formal olaraq ssenarilərlə təmin olunmuşdur. Lakin bütün bu ssenarilər Azərbaycan kinematoqrafiyasının inkişafını təmin etmir.
1940-cı il üçün ssenari şöbəsi tərəfindən bir neçə ssenari hazırlanır: “Şaumyan” - müəllif Viktor Şklovskidir. Bu ssenari studiyanın iştirakı olmadan Moskvada yazılmışdır. Film Bakı və Yerevan kinostudiyaları tərəfindən çəkiləcəkdir.
Müqavilənin keçən il bağlanmasına baxmayaraq yazıçı Rəsul Rza bu günə kimi özünün “Qocalar” ssenarisini studiyaya təhvil verməmişdir. Bu ssenari müasir kolxoz həyatından danışdığı üçün müəyyən maraq doğurur və studiyanın tematik planına daxil edilməlidir.
Yazıçı Əbülhəsən Ələkbərzadə ilə “Firəngiz” ssenarisi üçün müqavilə bağlanmışdır. Müasir kolxoz həyatına həsr olunsa da, ssenari çox zəif yazılmışdır. Hər halda bu ssenari üzərində möhkəm işləmək lazım gələcəkdir.
Yazıçı İ.Qasımovla Bakı şəhərinin sosialist quruculuğu mövzusunda “Qalanın alınması” şərti adı altında ssenarinin yazılması ilə bağlı müqavilə bağlanmışdır. Ssenarinin mövzusu çox maraqlıdır. Lakin onun yazılması çətinlik törədəcəkdir. Yoldaş Rəfili oktyabrın 15-i üçün “Səbuhi” (Mirzə Fətəli Axundov) ssenarisini yazıb qurtarmalıdır. Ənvər Məmmədxanlı ilə “Koroğlu” ssenarisi üçün müqavilə bağlanmışdır. Yol. Çikovani və Fradkinin təqdim etdikləri “Murovdağın işıqları” ssenarisi yalan süjet üzərində qurulduğu üçün bu gün onun çəkilişindən belə söhbət gedə bilməz.
Studiya vaxtilə Kinematoqrafiya İşləri üzrə Komitə tərəfindən qəbul edilməmiş “Makedoniyalı İsgəndərin xəzinəsi” adlı pis ssenarnin düzəlişini təkid edirdi. Bu ssenari pionerlərin yay tətili problemini tamamilə təhrif edir. Buna baxmayaraq studiya lazımsız ssenariyə görə azərbaycanlı olmayan üç müəlliflə müqavilə bağlamışdır.
Bakı kinostudiyasının aşağı keyfiyyətli ssenariləri onu deməyə əsas verir ki, müəlliflər kinodramaturgiyanın qanunlarını bilmirlər. Digər tərəfdən milli müəlliflərlə ciddi məsləhət işi aparılmır.
İndiyə kimi ssenarilərin hazırlanması üzrə tematik plan özbaşına buraxılmışdı. Bundan sonra studiyalara müəyyən mövzuların tapşırılması ssenari şöbələrinin öz işlərini planlı şəkildə qurmağa şərait yaradacaqdır. Konkret olaraq Kinematoqrafiya İşləri üzrə Komitə Bakı kinostudiyasına aşağıdakı mövzuları tapşırmağı lazım bilir: 1) “Stepan Şaumyan”; 2) Bakının müdafiə olunmasının hazırlığı haqqında; 3) Azərbaycan və Gürcüstan nefti haqqında. Qardaş respublikaların qarşılıqlı köməyindən bəhs olunur; 4) Rayon partiya komitəsi katibi haqqında. Rayonda partiya işinin prinsipləri göstərilir; 5) Dağılmış gənc ailə şəraitində uşağın tərbiyəsi haqqında. Məişət mövzusudur; 6) Komediya. Burada xalq folklorundan istifadə olunmalıdır.
Sizin “Babək”i “Koroğlu” ilə əvəz etmək təklifiniz barədə Moskvaya xəbər vermişəm. Çox güman ki, təklifiniz qəbul olunacaq. Amma bir şərtlə ki, “Koroğlu”nun quruluşu bir il sonraya salınacaq.
Azərbaycan yazıçılarının fəallar qrupu ilə birgə müəlliflərin namizədliyi müzakirə olunarkən “Nizami” ssenarisinin Rəfili və Məmmədxanlıya tapşırılması qərara alınmışdır.
Ailə və uşağın tərbiyəsi mövzusu Mirzə İbrahimova, Bakının müdafiəyə hazır olması mövzusu Mehdi Hüseynə, qardaş respublikaların qarşılıqlı əlaqəsi mövzusu Qurban (əslində Qılman - A.K.) Musayevə və onun gürcü həmkarları Şengelaya və Samsoniyaya tapşırılmışdır. Raykom katibi mövzusu Əbülhəsən Ələkbərzadəyə həvalə olunmuşdur. Komediya mövzusu açıq qalmışdır. Çünki Rəsul Rza “Qocalar” adlı komediya janrında olan ssenarisini başa çatdırmamışdır.
Azərbaycan yazıçılarının kinostudiya ilə münasibətləri üzərində dayanmağı vacib hesab edirəm. Bu münasibətləri qənaətbəxş hesab etmək hələ ki, olmaz. Bir tərəfdən Azərbaycan yazıçıları kinematoqrafiyaya işləməyə çox çətinliklə gəlirlər. Digər tərəfdən milli kinematoqrafiyaının yüksəlişinə kifayət qədər kömək etmirlər.
Milli müəlliflərin dairəsi olduqca məhduddur, yeni müəlliflərin cəlb olunması imkanları vardır. Bununla belə cavan yazarların kinematoqrafa cəlb olunması işi ilə heç kəs məşğul olmur. Ssenari yazmaq üzrə müqavilə bağlamış Azərbaycan müəllifləri bu müqavilələrin yerinə yetirilməsi vaxtına riayət olunmasına məsuliyyətsiz yanaşırlar. Bununla da istehsalın planlaşdırılması imkanını heçə endirirlər.
Onu da qeyd etmək lazımdır ki, bir sıra Azərbaycan müəllifləri öz işlərinə tənqidi yanaşmırlar. Bakı kinostudiyasının ssenari şöbəsinin hazırladığı ssenarilər keyfiyyətsiz olduğu üçün qarşıya qoyulan tələblərə cavab vermir.
Ssenari şöbəsinin rəisi Sabir Mühəmmədov vəzifəyə müvəqqəti təyin olunsa da, bu vəzifəni heç də pis icra etmir. Bununla belə lazımi təşəbbüs göstərmir. Özü də yaxın vaxtlarda Özbəkistan SSR-ə işləməyə getmək istəyir.
Ssenari şöbəsi rəisinin köməkçisi Vəkilova tamamilə yerində deyil. Onun işə heç bir xeyri yoxdur. Mənim müşahidələrimə görə, iş vaxtı hər cür işlə məşğul olur (kitab mütaliəsi, şəxsi söhbətlər və s.), təkcə ssenari şöbəsinin işindən başqa. Əvvəllər Vəkilova uzun müddət xaricdə yaşamış, özünün dediyinə görə, “yalnız yüksək cəmiyyətin xanımlarını” massaj etməklə məşğul olmuşdur.
Ssenari şöbəsinin məsləhətçisi Minski bir sıra yararsız ssenarilərin müəllifidir və o, müəlliflərə heç bir yaradıcı köməklik göstərə bilmir. Ssenari şöbəsinin işinin yenidən qurulması barədə fikirləri səhvdir. Minski işin xeyrinə olaraq tutduğu vəzifədən azad edilməlidir. Onun yerinə, avqustun 10-da milli müəlliflərlə böyük iş təcrübəsi olan kinodramaturq Kamennoqorski-Ştenberq gələcəkdir.
Beləliklə, tematikanın yenidən qurulması, müəlliflərin yüksək ixtisaslı məsləhətçilərlə təmin olunması, ssenari şöbəsində işləyənlərin siyasi və ixtisas baxımdan daha lazımlı adamlarla əvəz olunması ümid verir ki, studiyanın ideoloji iş sahəsi qaydasına düşəcəkdir.
Ssenari şöbəsinə studiya rəhbərliyi tərəfindən etinasızlıq göstərilməsi yolverilməzdir. Bu onunla bağlıdır ki, studiya direktoru Əsriyev (yəni direktor təyin olunana qədər) ssenari şöbəsinin rəisinin əvəzinə müqavilələri, müxtəlif məktubları və müəlliflərə göndərilən çağırış vərəqələrini imzalayır. Eyni zamanda ssenari şöbəsinin rəhbərliyini studiyanın gündəlik istehsalat həyatından kənarlaşdırır. Misal üçün, direktor Əsriyev “Kəndlilər” filmini ssenari şöbəsinin rəisinə göstərməkdən imtina etmişdir.
Ssenari şöbəsinin rəisi vəzifəsinə namizəd seçmək lazımdır ki, o, bu şöbənin işini lazımi səviyyəyə qaldıra bilsin.
Axırda bilavasitə mənə aid olmayan bir məsələni qeyd etmək istəyirəm. Bu, studiyanın müntəzəm olaraq boş dayanma məsələləri ilə bağlıdır. Mənə elə gəlir ki, studiya məhsullarının keyfiyyətcə və sayca aşağı olmasının əsas səbəbləri qeyri-düzgün kadr seçimidir. Studiyada yaradıcı işçilər arasında ixtisaslı sənətkarlar yoxdur; milli kadrların inkişafı üçün heç bir tədbir görülmür, mövcud ştat yad elementlərlə zibillənib. Misal üçün, operatorlar arasında Varşavadan gələnlər var. Kinomexaniklər arasında alman və italyan qadın çalışır. Halbuki bu vəzifələrə yoxlanılmış və lazımlı şəxsləri cəlb etmək olardı”.
P.S. Sənəddən göründüyü kimi, 30-cu illərdə Bakı kinostudiyasının fəaliyyətini ləngidən əsas səbəblərdən biri ssenari problemi, milli yazıçılarımızın bu işə həvəs göstərməmələri, onların kinodramaturgiyanın qanunlarını yaxşı bilməmələri ilə bağlı olmuşdur. Azərb. K(b)P MK bürosunun qərarı ilə Bakı kinostudiyasının rəhbərliyinin dəyişdirilməsinə baxmayaraq, bu sahədə irəliləyiş az nəzərə çarpmışdır.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi