Mayın 12-dən 17-dək Mərakeş Krallığının Tetvan şəhərində Kral V Məhəmmədin himayədarlığı ilə keçirilən 19-cu Beynəlxalq Ud Festivalına Azərbaycan qonaq qismində dəvət edilib.
Azərbaycanın Mərakeşdəki səfirliyindən bildiriblər ki, gözəl musiqi ifalarının təşviqi və tolerantlığın gücləndirilməsi üçün mədəni müxtəlifliyin nümayişi məqsədilə təşkil olunmuş festivalda Fransa, Fələstin, İraq, Misir, İordaniya, Mərakeş, Mali, Hindistan və Pakistandan musiqi ifaçıları çıxış ediblər.
Festivalın təntənəli açılış mərasimində ilk musiqiləri səsləndirmək şərəfi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının rübab ifaçısı Davud Abdullayevə verilib. Onun ifasında “Şur” və “Bayatı-Şiraz” muğamları üzərində qurulmuş kompozisiyalar mərakeşlilər tərəfindən rəğbətlə qarşılanıb. Rübab ifaçımıza festivalın xatirə mükafatı təqdim edilib.