“Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgiyə yekun vurulub
   
   Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində Fransanın “Total” neft-qaz şirkətinin təşkilatçılığı ilə təşkil olunan “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin bağlanış mərasimi keçirilib.
   Tədbirdə muzeyin direktoru, sərginin kuratoru, professor Çingiz Fərzəliyev çıxış edərək Fransa mədəniyyətinin dünya mədəniyyəti xəzinəsində yerindən söz açıb: “Sərginin populyarlıq qazanacağına əmin idik, ancaq bu dərəcədə sənətsevərlər tərəfindən rəğbətlə qarşılanacağını təsəvvür etmirdik”.
   Diqqətə çatdırılıb ki, muzeydə sərgilər adətən bir ay davam edir, sözügedən sərgi isə yeddi ay ərzində nümayiş olunaraq böyük maraq doğurub.
   Gələcək layihələrdən danışan direktor yapon mütəxəssislərin iştirakı ilə hazırlanan Yaponiya mədəniyyətinin nəfis nümunələrindən ibarət növbəti sərginin nəzərdə tutulduğunu deyib.
   Fransanın ölkəmizdəki səfiri xanım Aurelia Buşez sərginin iki dövlət arasında dostluq münasibətləri, mədəniyyətlərarası əlaqələrin göstəricisi olduğunu qeyd edib: “Səfir olaraq bu sənət məbədində xalqımın mədəniyyətinin nümayişindən böyük şərəf hissi duyuram. Eyni zamanda sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk”.
   Tədbir konsert proqramı ilə davam edib.
   Qeyd edək ki, muzeyin Fransa incəsənəti kolleksiyası 300-dən artıq sənət əsərindən ibarətdir. Vernisajda kolleksiyanın bir qismi nümayiş olunub. Sərginin xronoloji çərçivəsi XVI əsrdən XX əsrin əvvəllərinə qədər dövrü əhatə edir. Görkəmli rəssamlar Jül Düpre, Konstan Jan Benjamin, Danyan Paskal Buvre, Qaspar Düqenin tabloları, Jan Dallen, Pyer Dreve, Jak Kallo, Şarl Klemon, Nikolya Larjomi, Robert Qaymer kimi tanınmış ustaların qravürləri, məşhur heykəltəraşlar Klod Mişel Klodion, Jan Antuan Qudon, Etyen Moris Falkone, Mari Rozali Bonerin əl işləri yüksək bədii məzmunu, ifadəliliyi, mükəmməl kompozisiya həlli ilə diqqəti cəlb edir. Sərgidə çini qablar, müxtəlif metal məmulatlar, tikmə və qobelen kolleksiyası və s. nümunələr də maraq doğurub.