Avrasiya Yazarlar Birliyi maraqlı layihələri ilə türk dünyasının ədəbi əlaqələrinin gücləndirilməsində mühüm rol oynayan qurumlardan biridir. Qurumun türkdilli dövlətlərin və digər ölkələrdə yaşayan türk toplumlarının yazarlarını bir araya gətirən layihələri ədəbiyyatın müxtəlif sahələrini əhatə edir. Birliyin sədri Yaqub Öməroğlu ilə söhbətimiz də ənənəvi layihələr və yeniliklərlə bağlı oldu.
- Yaqub bəy, Avrasiya Yazarlar Birliyi bir neçə ay öncə IV Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinə yekun vurdu. Maraqlıdır, ədəbiyyatçı, yazıçı, şair və dramaturqlar qurumdan hansı yeniliklər gözləyir?
- Bu il fəaliyyətimizi daha da canlandıran iki layihə var: “II Dədə Qorqud Beynəlxalq teatr əsərləri müsabiqəsi” və “Türk dünyası gənc yazıçıların görüşü”. Məlumat üçün bildirim ki, birinci layihəmizi ilk dəfə iki il öncə keçirmişik. O zaman bunu bir türk dramaturqunun adına həsr etmişdik. Lakin bu dəfə müsabiqənin adını dəyişmək əvəzinə, ona - davamlılıq qazansın deyə - Dədə Qorqudun adının verilməsi ilə bağlı təkliflər oldu. Beləliklə, hər iki ildən bir keçiriləcək Dədə Qorqud Beynəlxalq teatr əsərləri müsabiqəsini təsis etdik. Artıq elanlar verilib, qalır əsərlərin göndərilməsi.
İkinci layihəmizə gəlincə, “Türk dünyası gənc yazıçıların görüşü” ilk dəfə keçiriləcək. İlk tədbir isə İstanbulda baş tutacaq. Hər ölkədən görüşə 4 janr üzrə - şeir, hekayə, roman, esse yazan və əsərləri Avrasiya Yazarlar Birliyi tərəfindən çap edilən 4 gənc gələcək. Bu sahələrdə özlərini ilk dəfə sınayan, yaşları 32-dən aşağı olan gənclər layihədə yer alacaq. Layihəni ilk dəfə keçirməyimizə baxmayaraq biz bunun da davamlı olmasına çalışacaq və hər il keçirəcəyik.
Bunlardan başqa, bu ilin sentyabr ayında artıq ənənə halını almış tədbiri - 8-ci Türk dünyası ədəbiyyat dərgiləri konqresini keçirəcəyik. TÜRKSOY “Türk dünyası mədəniyyət paytaxtı” layihəsini başladıqdan bəri bu konqresi həmin paytaxt şəhərlərdə keçiririk. Builki tədbir də Qazaxıstanın Türkistan şəhərində keçiriləcək.
- Dədə Qorqud Beynəlxalq teatr əsərləri müsabiqəsi ilə bağlı bəlkə oxucularımıza bir qədər geniş məlumat verəsiniz?
- Əvvəla deyim ki, mövzu sərbəstdir. Bura uşaq pyesləri, qısa pyeslər daxildir. Müsabiqəyə türk dillərinin hər hansı birində yazılar təqdim edilə bilər. Yaş həddi yoxdur, hər müəllif müsabiqəyə yalnız bir əsərlə qatıla bilər. Müsabiqəyə təqdim olunan əsərlər səhnələşdirmə texnikasına uyğun yazılmalıdır. Əsər müəllifin özünün yeni pyesi olmalıdır. Daha öncə hər hansı mətbu orqanda çap olunmuş, teatr səhnəsində oynanılmış, yaxud başqa müsabiqədə mükafat qazanmış əsərlər müsabiqəyə təqdim oluna bilməz. Əsərlər ən çoxu ikipərdəli ola bilər. Müsabiqəyə təqdim edilən əsərlərin üzərində şərti ad qoyulmalıdır. Müəllifin kimliyinə işarə edən hər hansı bir ad göstərilərsə, əsər müsabiqədən kənarlaşdırılacaq. Əsərlər 6 nüsxədə (Times New Roman 12 şrift ölçüsündə və 1,5 intervalla yazılmış) təqdim edilməlidir. Ayrıca zərfdə əsərlə bərabər CD-də müəllif haqda məlumat da əlavə olunmalıdır. Müəllif şəxsiyyəti təsdiq edən sənədin surətini, ünvanını, tərcümeyi-halını və bir ədəd fotoşəklini ayrı bir zərfə qoyaraq üzərində şərti adını qeyd edir və əsərlə birlikdə böyük zərfin içində müsabiqəyə təqdim edir. Elektron poçta göndərilən məktublara bu məlumatlar ayrıca əlavə olunmalıdır və müsabiqə komissiyası bunları nəticələr elan olunana kimi gizli saxlayacaq. Əsərlər Avrasiya Yazarlar Birliyi, Sakarya məhəlləsi, Göztepe küçəsi 5/A Ankara, Türkiyə ünvanına, yaxud da dedekorkut@ayb.org.tr elektron poçtuna göndərilə bilər.
- Dəyərləndirmə prosesi necə keçiriləcək?
- Müsabiqə elanı 15 apreldə verilib. Əsərlərin son qəbul tarixi 30 sentyabrdır. Əsərlər dəyərləndirilmədən öncə Türkiyə türkcəsinə çevriləcək, daha sonra münsiflərə təqdim olunacaq. Nəticələrin noyabrda açıqlanması, mükafatlandırma mərasiminin dekabrda keçirilməsini planlaşdırırıq. Müsabiqəyə münsiflər heyətinin üzvləri və onların yaxın qohumları əsər təqdim edə bilməzlər. Mükafatlara gəlincə, 1-ci yer: 15 min türk lirəsi; 2-ci yer: 10 min; 3-cü yer: 5 min; həvəsləndirici mükafat: 2500 lirə. Yarışmada qalib olan əsərlər TÜRKSOY üzvü olan ölkələrin teatrlarında istifadə edilməsi üçün tövsiyə olunacaq.
Mehparə Sultanova
Ankara