Abdullah Öztoprak: “Biz kiprli türklər varlığımızı qorumaq üçün mübarizələrdən keçmişik. Bu gün inadla etnik dəyərlərimizi təbliğ edirəm”
Bu günlərdə Şimali Kipr Türk Cümhuriyyətindən tanınmış modelyer, rəssam Abdullah Öztoprak paytaxtımıza təşrif buyurmuşdu. Fürsət tapıb onunla həmsöhbət olduq. Kiprin Qaziveren kəndində doğulan həmsöhbətim tanınmış nəslin nümayəndəsidir. İxtisasca kimyaçıdır. Turizm və biznes sahəsində fəaliyyət göstərsə də, sonradan sənətə istiqamət alıb. Moda sahəsində karyera quraraq uğur qazanıb. O, bir çox mövzuları dəblə birləşdirərək səhnələşdirir. İşlərini Türkiyə, Qazaxıstan, Türkmənistan, İraq, İtaliya və Avstraliyada nümayiş etdirib. Maraqlı səhnə şouları ilə çıxış edən Abdullah bəy hazırda metaldan heykəllər hazırlayır, rəsmlər çəkir.
– Abdullah bəy, Bakıya səfərinizin məqsədi nə idi?
– Bakıya səfərim mükafatlandırma mərasimi ilə bağlıdır. Düzü, bu mükafat və dəvət mənim üçün gözlənilməz oldu. Artıq 6-cı dəfə düzənlənən “Caspian Awards” mükafatına layiq görüldüm. Bu məqsədlə Azərbaycana dəvət aldım.
– Hansı nominasiyada təltif olunmusunuz?
– “Moda dizayneri və maksimalist sənətçi” nominasiyasında Azərbaycandan aldığım bu mükafat məni çox sevindirdi. Çünki mən çox fərqli işlər yaratmağa meyilliyəm. Yəni bu baxımdan məni maksimalist sənətçi kimi görüblər. Doğrudur, dövrümüzdə mükafat məsələsinə bir qədər fərqli yanaşılır. Pulunu verib mükafatını alırsan... Mən belə mükafatlardan həmişə imtina edirəm. Mənim dünya birinciliyi üzrə altı mükafatım var. Avstraliyada, İtaliyada ən yaxşı dizayner mükafatlarına layiq görülmüşəm. Azərbaycanda mənə bu mükafatı öz dəst-xəttimi pozmadığıma görə dəyərləndirib veriblər və bu da məni çox şad etdi.
– Kimyanı sənətə necə dəyişdiniz?
– Şimali Kiprdə orta təhsilimi bitirdikdən sonra Ankarada Orta Doğu Texniki Universitetinin Kimya fakültəsində təhsil aldım. Daha sonra müəllim kimi fəaliyyət göstərdim. Ailəmiz uzun illərdir portağal biznesi ilə məşğuldur. Bu sahədə işimizi davam etdirdim. Bununla bərabər, turizm sahəsində marketinq işlərini həyata keçirirdim. Hotellərin marketinq işini Türkiyədən həyata keçirirdim. Hobbi olaraq isə geyim modelləri hazırlayırdım. Dostlarım məni bu sahədə bazara girməyə həvəsləndirdi. Əsas məqsədim isə sənətə yönəlmək idi. Modanı sənətə keçid üçün bir körpü kimi istifadə etdim. Həyata keçirdiyim bütün işlər iki istiqamətli idi. Fərqli moda nümunələri yaradırdım. Hər bir iş xüsusi anlam kəsb edir. Məsələn, Yaxın Şərqdəki vəziyyətə həsr olunan “Canlı bombalar”, “Ormandakı həyatlar” və s. mövzulu moda kolleksiyalarım maraqla qarşılandı. Doğulduğum Şimali Kiprdə gedən tarixi prosesləri əks etdirən moda nümunələrim də var. Ümumiyyətlə, tarixi hekayətləri anlatmağı çox sevirəm.
– Tarix və moda. Bu iki anlayışı bir araya gətirmək çətin olmur ki?
– Mən həm də səhnə geyimlərinin hazırlanması ilə məşğul oluram. Bu kostyumlarda da müəyyən bir mesajı çatdırmağa çalışıram. Əl işlərimlə tanış olanlar, necə deyərlər, mənim sənət kodlarımı bilirlər. Müxtəlif teatrlaşdırılmış şoular mənim fəaliyyətimin əsasını təşkil edir ki, bu şoularda da sırf öz moda kolleksiyalarımı nümayiş etdirirəm.
– Bildiyim qədər, bu tamaşalar üçün musiqiləri də özünüz yazırsınız...
– Bəli, səhnə musiqilərini özüm bəstələyirəm. Bir də səhnə texnologiyası sahəsində yenilikləri yaxından izləyirəm. Ən son yenilikləri tətbiq etməyi çox sevirəm. Bütün bunların tətbiqi məni daha da həvəsləndirir, işlərimi canlandırır.
– Hansı tanınmış modellərlə çalışırsınız?
– Hazırda öz yetirməm olan modellərlə işləyirəm. Bir məsələni deyim ki, artıq dünyada vaxtilə böyük əks-səda yaradan tanınmış modellər mövzusu da öz əhəmiyyətini itirir. Amma bir məsələ də var ki, modelyer öz kolleksiyasında vacib bir məqamı vurğulamaq istəsə də, mətbuat, media bu nümayişdə hansısa modelin çatan və çatmayan tərəflərini müzakirə edir. Bu da, necə deyərlər, əsas məqsədin önünə keçir. Moda nümayişlərimi adi dəfilə kimi deyil, tamaşa kimi təqdim etməyi xoşlayıram.
– Siz həm də kino sahəsi üzrə təhsil almısınız...
– 25 ildən çox Türkiyədə yaşamışam. Pandemiya dövründə Kiprə qayıtdım və bu boş zamanda bir universitetdə sənət dərslərinə, digərində isə film və informasiya üzrə doktorluq təhsilinə başladım. Sənət üzrə təhsilimdə metal heykəllər yaratmağa başladım. Bununla bərabər, tamaşalar da hazırlamağa başladım. Ən son bu ilin 21 iyul tarixində monotamaşa ilə çıxış etmişəm. “Parçalayanım, parçalarım” adlı tamaşa böyük maraqla qarşılandı. Media da bunu geniş işıqlandırdı. Bu tamaşanı Azərbaycanda da göstərmək istəyirəm. Səhnə işi müharibə zamanı çətinliklərlə üz-üzə qalan, soyqırımının şahidi olan bir uşağın yaşantılarını əks etdirir. Uşaqlıqdan bu günə həyat hekayəmi tamaşaçılara çatdırmaq üçün müxtəlif üsullardan istifadə edirəm. Bu mövzuda maraqlı bir sənədli film də ərsəyə gətirmək istəyirəm. Amalım dünyada əbədi sülhün olmasıdır. Bilirsiniz, biz kiprli türklər varlığımızı, öz kimliyimizi qorumaq üçün çox böyük mübarizələrdən keçdik. Bu həm də ailəmdən gələn təsirlərdəndir. Mən hazırda kimsəyə qarşı düşmən deyiləm. Sadəcə, çox təsirliyəm. Dünya birliyinin Şimali Kipr türklərinin haqq və hüquqlarını görməzdən gəlməsi məni inadla etnik dəyərlərimizi təbliğə sövq edib.
– Əl işlərinizə dövlət səviyyəsində münasibət necədir?
– ŞKTC-də ali məhkəmə hakimlərinin xüsusi geyim formasını mən hazırladım. “Lefkara” işini (naxışını) yaxalarına bəzək kimi yerləşdirdim. Bu da xüsusi əhəmiyyətə malikdir. Bu bizim qadınlarımızın əsrlərdən gələn göz nuru əməyinin yadigarlarıdır. Bu mədəniyyəti hazır şəkildə kiməsə təslim etmək olmaz. Yəni bütün xalqların mədəniyyətləri qorunmalıdır. Yeri gəlmişkən, yaxın zamanlarda Azərbaycanda bir muzeydə bu geyim nümunələri də sərgilənəcək.
Haşiyə. Bu yerdə qeyd edək ki, Ankara şəhərindəki PTT PUL muzeyindəki “Osmanlı imperiyasından günümüzə tatar poçtalyon geyimləri” adlı sərgi nümayiş olunan bütün geyimlərdə Abdullah Öztoprakın imzası var. Marka tarixi ilə bağlı qısametrajlı filmlər də çəkən Abdullah Öztoprak 2013-cü ildə hazırladığı və sonra yenilənərək daha böyük şöhrət qazanan “Tək şahidi cümbəz” (cümbəz – əncirəbənzər meyvələri olan ağac – red.) adlı tamaşasından beş fərqli səhnə ŞKTC-nin mərkəzi poçtunda çap olunaraq yayılıb. Onun qələmə aldığı hekayələr və teatr tamaşaları bir sıra festivallarda mükafatlar qazanıb.
– Abdullah bəy, Bakı ilə tanışlıq imkanınız oldumu?
– İlk dəfə Azərbaycana gəlirəm. Bakını çox sevdim. Şəhərin memarlıq sintezi möhtəşəmdir, milli üslub və həmahənglik var. Mən burada geniş çəkiliş edib Azərbaycan mədəniyyətinə aid bir kolleksiya yaratmağı düşünürəm. Musiqinizi də çox sevdim. Dilimiz çox yaxın olduğu üçün burada anlaşılmaq mənə rahatdır.
– Azərbaycandan hər hansı bir həmkarınızla tanışlığınız varmı?
– Əfsus ki, yoxdur, amma olacağına inanıram.
– Qarşıda nə kimi yeni layihələriniz olacaq?
– “Parçalayanım, parçalarım” monotamaşası ilə dünya turumuz olacaq. Bizim hər birimiz içimizdə parçalardan ibarətik, əgər bu parçalara sahib çıxmasaq, onlar bizim daxilimizi parçalayar. “Tək şahidi cümbəz” tamaşasının genişmiqyaslı nümayişini nəzərdə tuturuq. Avstraliyadan iki layihəyə dəvət almışam. Amerikada “Nyu-York Türk Günləri”ndə də çıxışlarım olacaq.
Lalə Azəri