Azərbaycan simfonik musiqisinin yaradıcılarından olan Cövdət Hacıyevin 100 illiyi münasibətilə müxtəlif ölkələrin konsert zallarında tədbirlər keçirilir.
Nyu-Yorkun “Carnegie Hall” konsert zalında Cövdət Hacıyevin yubileyinə həsr edilən beynəlxalq festivalın açılışı olub. Cövdət Hacıyev və Azərbaycanın görkəmli rəqqasəsi və xoreoqrafı Əminə Dilbazinin xatirəsinə həsr olunan “Odlar Yurdu İpək Yolunda” adlı festival ABŞ, Böyük Britaniya və Kanadadan başlayaraq Qərbin aparıcı ölkələrini əhatə edəcək və Şərqdə - Hindistanda və Çində başa çatacaq. Fransa və İsveçrədə tanınmış azərbaycanlı pianoçu Adilə Əliyevanın təşəbbüsü ilə Cövdət Hacıyevin fortepiano əsərlərinin ən yaxşı ifasına dair beynəlxalq müsabiqə keçirilib. Müsabiqənin qalibləri BMT-nin Cenevrədəki rəsmi nümayəndəliyinə dəvət edilərək onlara fəxri mükafatlar təqdim edilib. Burada Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi səfir Vaqif Sadıqovun və təşkilatın digər rəsmi nümayəndələrinin iştirakı ilə rəsmi qəbul təşkil edilib.