Mayın 23-də Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində növbəti “Şur” adlı konsert keçirildi.
   Proqram “Şur” muğamına həsr edilmiş televiziya filmindən (rejissor Arif Qazıyev) fraqmentlərin nümayişi ilə başlandı. Azərbaycan musiqisinin möhtəşəmliyini əks etdirən kadrlarda maestro Niyazi, Mstislav Rostropoviçin dirijorluğu ilə “Şur” simfonik muğamından parçalar səsləndirildi.
   Sonra “Şur” dəsgahını təqdim etmək üçün səhnəyə Xanlar Cəfərovun rəhbərliyi ilə “Rast” ansamblı çıxdı. Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Aytən Məhərrəmova və Hüseyn Məlikovun ifasında muğamın müxtəlif şöbələri səsləndirildi. 
   Qeyd edək ki, dəsgahlar içərisində “Şur” ən böyük həcmli dəsgah sayılır. Belə ki, özlüyündə müstəqil bir dəsgah mahiyyəti kəsb edən “Şur-Şahnaz”, “Əbu-əta”, “Dəşti”, “Bayatı-türk” kimi kiçik dəsgahlar da “Şur”a mənsub muğamlardır. Başqa dəsgahlara nisbətən onun zərbi muğamları da çoxdur. Buraya “Simayi-şəms”, “Ovşarı”, “Osmanlı” (“Maani”), “Arazbarı” və s. daxildir.
   Xatırladaq ki, layihə çərçivəsində iyunun 30-dək “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Hümayun” muğamları tanınmış xanəndələrin ifasında təqdim olunacaq. 
   
   Lalə Azəri