Filarmoniyada sənətkarın adını daşıyan musiqi məktəbi kollektivinin konserti
   
   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə mayın 23-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
   İdarənin mətbuat xidmətindən bildirilib ki, gecədə M.Maqomayevin adını daşıyan Bakı şəhər 26 nömrəli onbirillik Musiqi məktəbinin istedadlı şagirdləri və müəllim kollektivi rəngarəng proqramla çıxış edib. 
   Konserti Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev, paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin direktorları və çoxsaylı musiqisevərlər izləyiblər.
   Tədbirdə M.Maqomayevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Proqramda sənətkarın repertuarından müxtəlif janrlarda əsərlər təqdim olunub.
   Məktəbin respublika müsabiqələri laureatı və diplomantı olan xor kollektivi, skripkaçılardan ibarət "Fantaziya" qrupu, gənc solistlər Aslan Əliyev, Zeynəb Quluzadə, Mehriban Əliyeva, Səma Həmzəyeva, Xəyal Əhməd, Mehriban Ağabəyli, Fikrət Əliyev, Ərəstun Quliyev və İlyas Abbaslı vaxtilə Müslüm Maqomayevin oxuduğu populyar mahnıları ifa ediblər.