Azərbaycanın tanınmış cazmenləri - əməkdar artistlər Rain Sultanov və İsfar Sarabski İsveçin paytaxtına səfərləri çərçivəsində yerli tamaşaçılar qarşısında yeni konsert proqramı ilə çıxış ediblər. Stokholmda “Högalid” kilsəsində keçirilən konsertdə tamaşaçılara saksafon, fortepiano və orqan musiqisinin sintezindən ibarət maraqlı kompozisiyalar təqdim edilib.
Ölkəmizin İsveçdəki səfirliyinin dəstəyi ilə Azərbaycan diasporu tərəfindən təşkil edilmiş konsertin məqsədi milli musiqimizin, mədəniyyətimizin və incəsənətimizin burada daha yaxından tanıdılmasıdır. Musiqiçilərin təqdim etdikləri caz kompozisiyaları yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.