İyunun 2-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyi münasibətilə yubiley gecəsi keçiriləcək.
Dahi bəstəkar Qara Qarayevin yetirməsi olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. Müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Firəngiz Əlizadənin yaradıcılığına xas olan cəhətdir. Onun “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Qraniza” baletləri, müxtəlif ansambl tərkibi üçün “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron”, “Silk road”, violonçel və orkestr üçün konsert və s. əsərləri Azərbaycan musiqi mədəniyyətinin zəngin səhifələrini təşkil edir.