“Şeirə başladığım zamanlar bir təxəllüs bəyənir, bir müddət sonra eyni təxəllüsü işlədən şairə rast gəlir və aldığım təxəllüsü dəyişdirirdim. Bu bənzərliyi ortadan qaldırmaq üçün Füzuli təxəllüsünü aldım. Bildim ki, bu ləqəb (“füzuli” ərəbcə uzunçu, naqqal mənasını verir - V.Ə.) heç kimin xoşuna gəlməyəcək. Odur ki, bir başqası ortaq çıxaraq məni rahatsız etməyəcəkdir”.   
   Dahi şairimiz farsca “Divan”ına yazdığı giriş sözündə (“Dibaçə”) belə deyir və bu təxəllüsün müəllif kimi ona düşərli olduğunu bildirir: “Allaha şükür ki, ömrümün bu bərəkətli adı daşıyaraq keçən zamanı həmişə mənim üçün xeyirli olmuş və qələmə aldığım hər əsəri asanlıqla tamamlamışam”.
   
   Müəllif kimdir?
   
   Müəlliflik hüququ məsələsi, əslində, sözün yarandığı (deyildiyi, yazıldığı) zamandan aktual olub. Orta əsrlər Şərq (o cümlədən Azərbaycan) poeziyasında söz ustadları adlarını, təxəllüslərini bilavasitə əsərin özündə - adətən şeirin son beytində (“tapşırma”) qeyd edirdilər. Bu, müəllifin öz hüquqlarını qoruma forması idi. Amma bu zaman da oxşar təxəllüslər, Məhəmməd Füzulinin etiraf etdiyi kimi, qarışıqlıq yaradırdı.
   Bədii sözün şifahi formada yayılıb sonradan yazıya alınmış nümunələrinin müəllifləri ilə bağlı çoxlu mübahisələr var. Qədim yunan ədəbiyyatının möhtəşəm əsərləri - “İliada” və “Odisseya” epik poemalarının müəllifliyi, hətta Homerin özünün tarixi, ya əfsanəvi şəxs olması əsrlərdir müzakirə mövzusudur. Bənzər mübahisələr ədəbiyyatımıza ilk “kitab”ı bəxş etmiş Dədə Qorqudun şəxsiyyəti ətrafında da gedir. Əlyazmadan çap dövrünə keçəndən (kitab üzərində müəllifin adı yazılandan) sonra da belə dartışmalar davam edib. U.Şekspirin məşhur dram əsərlərinə, Nobel laureatı M.Şoloxovun “Sakit Don” romanına müəllifliyi ilə bağlı mübahisələr buna misaldır. 
   Yeri gəlmişkən, 23 aprel - Dünya kitab və müəllif hüququ günü UNESCO tərəfindən (1995) Şekspirin xatirəsinə (1616-cı il aprelin 23-də vəfat edib) ehtiram olaraq təsis edilib. Ondan bir əsr öncə isə bu sahədə ilk beynəlxalq təsisat yaranıb. 1883-cü ildə sənaye mülkiyyətinin qorunması haqqında Paris konvensiyası, 1886-cı ildə ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyaları imzalanıb və onların inzibati büroları 1893-cü ildə birləşərək Əqli mülkiyyətin qorunması üzrə Birləşmiş Beynəlxalq Büro yaradıblar. 70 ildən artıq fəaliyyət göstərən bu qurumu 1967-ci ildə təsis olunan Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) əvəzlədi. Təsis konvensiyası 1970-ci il aprelin 26-da qüvvəyə minən təşkilat 1974-cü ildə BMT-nin ixtisaslaşmış qurumu statusunu aldı. 2000-ci ildə isə BMT Baş Məclisi 26 apreli Beynəlxalq əqli mülkiyyət günü elan etdi. 
   
   Hər kəsin əqli mülkiyyət hüququ var 
   
   XX əsrin sonunda müəllifliklə bağlı iki beynəlxalq günün təsis olunması, əslində, məsələnin aktuallığının göstəricisi idi. İnformasiya cəmiyyətinin sürətlə inkişaf etdiyi və rəqəmsal əsr kimi xarakterizə olunan çağdaş dövrümüzdə isə bu problem bir neçə kontekstdə - mədəni, iqtisadi və hüquqi müstəvidə müstəsna önəm kəsb edir. Azərbaycanda da müəlliflik və əqli mülkiyyət hüquqları müstəqilliyin həyatımıza gətirdiyi dəyərlərdən biridir.
   Ölkəmizdə bu sahədə dövlət siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra respublikada bu sahədə dövlət qurumu - Müəllif Hüquqları Agentliyi yaradıldı. 1995-ci ildə qəbul edilən Əsas Qanunumuzda ilk dəfə müəlliflik və əqli mülkiyyət hüquqları təsbit olundu. Konstitusiyanın 30-cu maddəsinə əsasən, “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur”. 1995-ci ildə ölkəmiz Dünya Əqli Mülkiyyət Təşkilatına üzv oldu, 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun qəbul edildi. Sonrakı illərdə ölkəmiz müvafiq beynəlxalq sənədlərə qoşuldu, bu sahəyə dair yeni qanunlar qəbul olundu.
   Növbəti mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi altında müəllif-hüquq sistemi daha da inkişaf etdirilib. 2006-cı il martın 3-də Bakıda Azərbaycan hökuməti və Dünya Əqli Mülkiyyət Təşkilatı arasında Əməkdaşlıq proqramı imzalanıb. İmzalanmadan sonra qurumun baş direktoru Kamil İdrisi qəbul edən Prezident İlham Əliyev sənədin əhəmiyyətini vurğulayıb və diqqətə çatdırıb ki, respublikamızın uzun illər yaşadığı sistemdə mülkiyyət qiymətləndirilməyib, intellektual mülkiyyət də dövlətin inhisarında olub. 
   Qeyd edək ki, proqramda əqli mülkiyyətlə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi, hüquqların təminatının gücləndirilməsi, elmi, texnoloji, mədəni və iqtisadi fəaliyyət sahələrində əqli mülkiyyətin rolunun artırılması və s. məsələlər qeyd olunub və ötən müddətdə proqramın icrasında iştirak edən dövlət qurumu olaraq Müəllif Hüquqları Agentliyi tərəfindən bu istiqamətlərdə müvafiq işlər görülüb. Bu sırada maarifləndirmə tədbirləri də önəmli yer tutur. Çünki müəllif hüquqlarının pozulması, plagiat və piratçılıq həm də mövzu ilə bağlı ictimai bilgi səviyyəsinin zəifliyindən qaynaqlanır.
   Müəllif Hüquqları Agentliyinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı, İsveçrənin bu sahə üzrə ixtisaslaşmış qurumlarının iştirakı ilə ərsəyə gələn “Azərbaycanda əqli mülkiyyət hüquqlarına dair bələdçi” bu baxımdan dəyərli nəşrdir. Burada müəlliflik hüquqları (elm, ədəbiyyat və incəsənət əsərlərinə olan hüquqlar) və əqli mülkiyyətin (audiovizual əsərlər, fonoqram və ifalar, teleradio verilişləri, internet proqramları, ixtiralar, sənaye nümunələri, əmtəə nişanları və s.) “əlifbası”ndan onların qeydiyyata alınmasının, qorunmasının hüquqi, iqtisadi təfərrüatınadək bir çox məqamlara aydınlıq gətirilir, tövsiyələr verilir. Məsələn, bəzi özəl şirkətlər informasiya reyestrləri, sənaye mülkiyyəti hüquqlarının qeydiyyatı xidmətini təklif edir. Bələdçi kitabçasında diqqətə çatdırılır ki, Azərbaycanda əqli mülkiyyət hüquqlarının rəsmi qeydiyyatı və dövlət reyestri yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyi tərəfindən aparılır, özəl reyestrlərdə qeydiyyat hüquqi qorunma və müdafiə üçün əsas sayılmır.
   
   Müəllif hüquqlarının təminatı mədəni irsin qorunması deməkdir 
   
   Qeyd etdiyimiz kimi, müəlliflik hüququ hər şeydən öncə mədəni-humanitar əhəmiyyət kəsb edir. Müəllif hüquqlarının təminatı nəticə etibarilə mədəni irsin qorunması deməkdir. Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov bununla bağlı yazır: “Yaradıcıdan, müəllifdən əlyazmaya, kitaba”, “əlyazmadan, kitabdan müəlliflik hüququna” - bu üzvi əlaqələr müəlliflik hüququnun yaradıcılıqdakı əhəmiyyətini göstərir. Yaradıcılıq məhsulları bəşər mədəniyyətini hərəkətə gətirmişdir. Yaradıcı şəxslərin hüquqlarını qoruyan qanunvericilik aktları da milli irsin mühafizə olunmasının zəruri şərti kimi meydana çıxmışdır”.
   Agentlik tərəfindən icrası həyata keçirilən qanunlar (“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Folklor nümunələrinin hüquqi qorunması haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”), habelə ölkəmizin qoşulduğu beynəlxalq sənədlər (“Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyası, “İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının verilişləri haqqında” Roma konvensiyası, UNESCO-nun “Müəllif hüququ haqqında Dünya konvensiyası”, DƏMT-nin müəlliflik hüququna, ifalar və fonoqramlara dair müqavilələri və s.) bu sahədə həm yerli, həm də beynəlxalq müstəvidə effektli icraata imkan yaradır. Əqli mülkiyyət dövlət inhisarında olmuş keçmiş sosialist respublikaları içərisində Azərbaycan hazırda bu sahədə təkmil idarəetmə və zəngin qanunvericilik bazasına malik ölkələrdən biridir. Mədəni irsin həssas mövzularından olan folklor nümunələrinin qorunması ilə bağlı Şərqi Avropa və MDB üzrə ilk qanun 2003-cü ildə ölkəmizdə qəbul edilib.
   Bu gün Azərbaycan muğamı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılığı və s. mədəni irs nümunələrimiz UNESCO-nun siyahısına daxil edilib və beynəlxalq qoruma altındadır. Lakin bədnam qonşularımızın folklorumuzu, mahnı və rəqslərimizi mənimsəmək cəhdləri, müxtəlif ölkələrdə Azərbaycan şairlərinin, bəstəkarlarının müəlliflliyinin (dahi Nizamidən müasir müəlliflərədək) təhrif olunması bu sahədə davamlı fəaliyyəti zəruri edir. Müəllif Hüquqları Agentliyi belə halların aradan qaldırılması ilə yanaşı, mədəni irsimizin mənimsənilməsi ilə bağlı illərdir davam edən “erməni ənənəsi”nin beynəlxalq müstəvidə ifşasında da yaxından iştirak edir. Agentliyin sədri K.İmanovun bu mövzuda kitabları, qurum tərəfindən hazırlanan digər nəşrlər müxtəlif xarici dillərdə çap olunaraq yayılır. Bu il aprelin 26-da agentliyin təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfransda bu barədə ətraflı söhbət açılıb.
   
   Kreativ sənayenin iqtisadi rəqabətdə rolu
   
   İnnovasiya və biliklərə əsaslanan iqtisadiyyat dövrü olan XXI əsrdə əqli mülkiyyət hüquqları da getdikcə daha çox iqtisadi önəm kəsb edir. İnkişaf etmiş ölkələr üzrə ÜDM-də müəlliflik hüququna əsaslanan sənayenin payı 7-8 faiz təşkil edir. Azərbaycanda bu göstərici 2003-cü ildə 2 faiz idi, hazırda 5 faizdən çoxdur.
   “İndi dünyada inkişaf təbii sərvət üzərində deyil, bilik, müasir texnologiya üzərində qurulur. Bu səbəbdən biz təbii sərvətlərin insan kapitalına çevrilməsinə çalışırıq” - Prezident İlham Əliyevin bu sözləri ölkəmizdə innovasiya sənayesinə verilən önəmin göstəricisidir. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində əqli mülkiyyətin, kreativ sənayenin inkişaf etdirilməsi kimi məsələlər də əksini tapıb.
   Bu istiqamətdə Müəllif Hüquqları Agentliyi tərəfindən də tədqiqatlar aparılır, nəşrlər hazırlanır. 2016-cı ildə professor K.İmanovun “Əqli mülkiyyət iqtisadi kateqoriya kimi və onun iqtisadi inkişafdakı rolu”, “Kreativ iqtisadiyyat və Azərbaycan iqtisadiyyatının inkişafı” kitabçaları çap olunub, “Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ sənayenin) iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi Qaydaları” hazırlanıb. 
   Agentlikdə əqli mülkiyyət hüquqlarının pozulması ilə mübarizə üçün “qaynar xətt” (960) fəaliyyət göstərir, elektron xidmətlərin dairəsi genişlənir. 1996-cı ildən 2017-ci ilədək 10989 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən son vaxtlar elektron xidmətlə 152 əsər qeydiyyatdan keçirilib. Görülən tədbirlər sayəsində son beş ildə ölkədə əqli mülkiyyət məhsulu bazarında piratçılığın səviyyəsi müxtəlif seqmentlər üzrə 9-28 faiz aşağı düşüb. Müsbət tendensiya beynəlxalq hesabatlarda da özünü göstərir. Ölkəmiz 2016-2017-ci illərə görə Qlobal Rəqabətqabiliyyətliliyi Hesabatında əqli mülkiyyət hüquqlarının qorunması göstəricisinə (71-ci yer) görə MDB üzrə ilk üçlükdə, innovasiyalara görə (44-cü yer) ilk sıradadır.
   
   Vüqar Əliyev
   
   Yazı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur