Mayın 30-da Vaqif Mustafazadə adına 2 saylı Uşaq incəsənət məktəbində Respublika Günü münasibətilə “Caz musiqisini sevirik” adlı konsert-tədbir keçirildi.
Tədbiri məktəbin direktoru Akif Süleymanov açaraq Respublika Gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, XX əsr tarixə təkcə elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərin yaranması əsri kimi də daxil olub. 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizin şərəfli səhifəsidir. Üçrəngli bayrağımız da, şanlı himnimiz də həmin tarixin yadigarlarıdır.
Sonra məktəbin fortepiano şöbəsinin müdiri Məlahət Səmədova caz musiqisini Azərbaycanda yayan və inkişaf etdirən Vaqif Mustafazadədən danışdı. Qeyd etdi ki, Vaqif Mustafazadə virtuoz pianoçu olmaqla yanaşı, həm də gözəl caz əsərləri yaratmış istedadlı bir bəstəkar olub. Məktəbimizdə görkəmli sənətkar sevilir və daim xatırlanır.
Çıxışlardan sonra məktəbin fortepiano şöbəsinin müəllim və şagirdlərinin təşəbbüsü ilə hazırlanan konsert proqramı təqdim edildi. Şagirdlərdən Dərya Hüseynova, Əminə Dadaşova, Nərminə Qulamova, Sevda Qasımova, Həcər Hüseynova, Fatimə Əlizadə və başqalarının ifasında Q.Qarayevin “Şən hadisə”, M.Mierin “Blüz”, A.Məlikovun “Vals”, “Prelüd”, F.Əmirovun “Aşıqsayağı”, P.Marianın “Tokkata” və s. əsərləri səsləndirildi.
Savalan Fərəcov