“Gəncə - MDB-nin mədəniyyət paytaxtı 2017” layihəsi çərçivəsində qədim şəhərdə beynəlxalq musiqi festivalı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə tədbirlər planına əsasən həyata keçirilən festivalda Rusiya, Belarus və Tacikistandan musiqi və rəqs kollektivləri, yerli ansambllar, Bakıdan gələn incəsənət nümayəndələri çıxış ediblər.
Festivalın Respublika Gününə təsadüf etməsi şəhər sakinlərinə ikiqat bayram sevinci yaşadıb. Çünki 99 il bundan əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə şəhəri olub. Bu gün şəhər çoxəsrlik tarixi irsini qoruyub saxlamaqla müasirləşir, inkişaf edir. 2016-cı ildə “Avropa gənclər paytaxtı” olan Gəncə bu il də “MDB-nin mədəniyyət paytaxtı” seçilib.
Heydər Əliyev adına park kompleksindəki amfiteatrda keçirilən beynəlxalq musiqi festivalında N.P.Osipov adına Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin gənc solistlər ansamblı, Tacikistan Respublikasının “Bazmoro” rəqs ansamblı, Belarus Dövlət Filarmoniyasının “Kupalinka” folklor qrupu tamaşaçılara əsl bayram əhvalı yaşadıb.
Gəncə Dövlət Filarmoniyası “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının təqdim etdiyi rəqslər, Xalq artisti Azər Zeynalov, əməkdar artistlər Abbas Bağırov, Nərgiz Kərimova və Gülüstan Əliyevanın musiqisevərlər qarşısındakı ifaları şəhər sakinlərinə unudulmaz anlar yaşadıb.